Əvvəlcə nazirlər Tacikistan Milli Kitabxanası ilə tanış olublar. Kitabxananın tarixi və nadir əlyazmaların qorunduğu fond haqqında ətraflı məlumat verilib.
İkitərəfli görüşdə çıxış edən Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen Azərbaycan Mədəniyyəti Günlərini xalqlarımızı daha da yaxınlaşdıran mədəni hadisə kimi səciyyələndirib.
Xanım nazir ötən ilin may ayında Azərbaycanda keçirilən Tacikistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə gerçəkləşməsinə göstərdiyi dəstəyə, keçirilən səmərəli görüşlərə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Adil Kərimli Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Tacikistan tərəfinə təşəkkürü bildirib.
Qeyd olunub ki, iki ölkənin dövlət başçılarının səmimi dostluq münasibətləri Azərbaycan və Tacikistan arasında əlaqələrin hərtərəfli inkişafında müstəsna əhəmiyyətə malikdir. Prezidentlər İlham Əliyev və İmoməli Rəhmon tərəfindən 2024-cü ilin 23 may tarixində Bakıda “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanması dost ölkələrimizin əməkdaşlığının zirvəyə yüksəlməsinin göstəricisidir.
Adil Kərimli iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib.
Vurğulanıb ki, Azərbaycan tərəfi kinematoqrafiya, kitabxana, mədəni irs və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, birgə foto çəkdirilib.
Mədəniyyət naziri Adil Kərimli Düşənbədə tacik həmkarı ilə görüşüb
Mayın 19-dan 22-dək Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirlə əlaqədar nazir Adil Kərimlinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Düşənbədə səfərdədir.
Mayın 20-də Tacikistan Milli Kitabxanasında mədəniyyət naziri Adil Kərimli ilə tacik həmkarı xanım Matlubaxon Sattoriyen arasında ikitərəfli görüş keçirilib.
