Açılış mərasimində Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub.
Tədbirdə çıxış edən Baş prokuror bildirib ki, Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib. Təkcə ötən il ölkəmiz BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi edib, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksəksəviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub: “Azərbaycan GLOBE Şəbəkəsinin fəal üzvü olaraq bu platformanı yüksək qiymətləndirir. Bu şəbəkə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, dürüstlüyün təşviqinə və transmilli korrupsiyaya qarşı birgə mübarizəyə töhfə verir. Bu təşəbbüsün yaranması və inkişafında Səudiyyə Ərəbistanı Krallığının və xüsusilə bu ölkənin korrupsiyaya qarşı mübarizə orqanı olan “Nazaha” təşkilatının əvəzsiz rolu olub. Biz bu mühüm qlobal təşəbbüsə verdikləri töhfəni və göstərdikləri liderliyi yüksək dəyərləndiririk”.
Sonra “Dəyərləri rəhbər tutaraq dürüstlüklə idarə olunur – Azərbaycanın korrupsiyaya qarşı mövqeyi” adlı videoçarx nümayiş etdirilib.
Daha sonra BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri Bricit Strobel-Şou çıxış edərək deyib: “Bu gün korrupsiyaya qarşı mübarizəyə sadiqliyimizi buradan vurğulayırıq. Korrupsiya sərhəd tanımır, qanunvericiliyin boşluqlarında gizlənir. Əməkdaşlıq isə ən güclü şəbəkədir. Buna görə də korrupsiyanın qarşısını almaq üçün hər şeyi etməliyik. Bizim bu sessiyalar zamanı bilikləri bölüşmək imkanımız yaranacaq. Burada, həmçinin qanunvericilik prioritetlərini müəyyən edə bilərik. Bu platforma müvafiq orqanlar arasında əlaqələrin qurulması üçün vacibdir”.
Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Qurumunun prezidenti Mazin Bin İbrahım Əl-Kahmus bildirib ki, sərhədlərarası korrupsiya cinayətləri ilə mübarizə yalnız bütün dünyada korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının BMT-nin GLOBE Şəbəkəsinin çətiri altında birgə və həmrəy fəaliyyəti ilə mümkün ola bilər. Onun sözlərinə görə, son illərdə şəbəkənin üzvlərinin genişləndirilməsi və müxtəlif beynəlxalq platformalarda potensialının gücləndirilməsi istiqamətində səylər artırılır: “Bu, xüsusilə BMT-nin Korrupsiyaya qarşı mübarizə Konvensiyasına tərəfdar dövlətlər konfransının qərarları, həmçinin G20 liderləri və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin verdiyi siyasi bəyanatlar vasitəsilə özünü göstərir. Fürsətdən istifadə edərək, üzv dövlətləri üzv olmayan ölkələri tez bir zamanda şəbəkəyə qoşulmağa təşviq etməyə və onun faydalarından tam şəkildə yararlanmağa çağırıram”.
Çıxışında bu gün qarşıda mühüm məsələlərin müzakirəsinin dayandığını diqqətə çatdıran GLOBE Şəbəkəsinin İdarəetmə Komitəsinin sədr müavini Boni de Moraes Soares fikirlərinə belə davam edib: “Növbəti günlərdə GLOBE Şəbəkəsinin nailiyyətləri barədə düşünəcəyik. Qeyd etməliyəm ki, GLOBE Şəbəkəsinin sənədlərində ümumi sadiqliyimiz əks olunur”.
B.Moraes Soares GLOBE Şəbəkəsi üçün birbaşa, sürətli şəkildə, maneələr olmadan əməkdaşlığın aparılmasının vacibliyini vurğulayaraq, əlaqələrin daha da gücləndirilməsinə çağırış edib.
GLOBE Şəbəkəsinin İdarəetmə Komitəsinin sədri Nasser Abaalkail isə qeyd edib ki, korrupsiya sərhəd tanımırsa, bu, bizim ədalət prinsiplərinə sadiqliyimizi daha da gücləndirməlidir. Bildirilib ki, 2021-ci ilin iyununda təsis olunduqdan sonra GLOBE Şəbəkəsi dünyanın hər bir regionunda olan müvafiq orqanları bir araya gətirib: “Hamımızın qarşısında duran məqsəd eynidir. Əməkdaşlığımız korrupsiyadan daha güclü olmalıdır. Birgə gedilən yol son illərdə çox gözəl nəticələr verir. Şəbəkəmizə həm təcrübə aparanlar, həm də digər mütəxəssislər qoşulub. Qarşımızda aydın əməliyyat məqsədi var. Sürətlə işlərimizi apararaq hərtərəfli şəkildə əlaqələr quraq və qərarlar qəbul edək. Bu gün biz yolumuzu davam etdiririk. Növbəti günlər ərzində yeni imkanları nəzərdən keçirəcəyik. Biz baxacağıq ki, innovasiya və texnologiya işimizi hansı şəkildə gücləndirə bilər, ölkələrdə yaşayan vətəndaşlar korrupsiyadan necə qurtula bilər və mübarizə hansı şəkildə aparılmalıdır, oğurlanmış vəsaitlər necə qaytarılmalıdır, bu işlər cəmiyyət üçün hansı real nəticə verməlidir? Beynəlxalq əməkdaşlıq daha sürətli və effektiv şəkildə necə aparıla bilər? Gündəliyə nəzər salsaq görə bilərik ki, orada zəmanəmizin reallığı əks olunub. Korrupsiyanın özü də adaptasiyaya uğrayır. Onda biz də bunu etməliyik. Süni intellekt, sürətli maliyyə tranzaksiyaları və ortaya çıxan iri cinayət növləri. Bütün bunlar uzaqda duran bir çağırış deyil, onlar bu günün reallığıdır. Texnologiya, vəsaitlərin qaytarılması və beynəlxalq hüquqi əməkdaşlıq kimi mövzular ətrafında müzakirələrdə seçim olmalı deyil. Biz hər zaman bir addım öndə olmalıyıq”.
GLOBE Şəbəkəsinin icraçı katibi, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Hüquq-mühafizə orqanları və strateji şəbəkələr departamentinin rəhbəri Nil Uolş Plenar iclasın iştirakçılarına videomüraciət ünvanlayıb. Beynəlxalq tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycan Baş Prokurorluğuna minnətdarlığını ifadə edən Nil Uolş korrupsiya ilə bağlı məsələlərin həlli üçün fərqli yolların nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. “Burada kəşfiyyat və digər proseslər üzərində müzakirələr aparacaq, öz işimizi tənzimləmək üzərində çalışacağıq. Azərbaycana bu tədbirin təşkilinə görə çox minnətdarıq. Mən nəticələri eşitmək üçün səbirsizlənirəm və ümid edirəm ki, növbəti dəfə şəxsən görüşəcəyik”, – deyə o bildirib.
Açılış mərasimdən sonra Plenar iclasın gündəliyi qəbul edilib.
Sonra GLOBE Şəbəkəsinin Katibliyi tərəfindən qurumun fəaliyyəti ilə bağlı geniş hesabat təqdim olunub. Hesabatda yeni üzv qurumlarla bağlı məlumat, şəbəkənin İşçi qruplarının fəaliyyəti, regional ofislərin rolu, qarşılıqlı hüquqi yardım alətləri və texnoloji kommunikasiya mexanizmlərinin istifadəsi ətraflı şəkildə iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Ardınca Çin Xalq Respublikasının Milli Nəzarət Komissiyasının təşəbbüsü ilə “Korrupsiyaya qarşı hüquq- mühafizə orqanlarının əməkdaşlığı” mövzusunda sessiya olub. Sessiya Pekin Konsensusunun icrasına həsr olunub. Sessiyada Azərbaycan Çin, Malayziya, Rusiya və İndoneziyanın müvafiq qurumlarının nümayəndələri çıxış edərək öz ölkələrinin təcrübələrini bölüşüblər. Azərbaycanı bu sessiyada təmsil edən Natiq Eyvazov cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əldə olunmuş təcrübə və qarşıya çıxan çətinliklər barədə danışıb.
Daha sonra “Korrupsiya cinayətlərinin istintaqında texnoloji alətlərin praktiki tətbiqi” mövzusunda sessiya keçirilib. Sessiyada çıxış edən nümayəndəmiz Elşən Orucov süni intellekt və rəqəmsal texnologiyaların istintaq prosesində istifadəsinin üstün və zəif cəhətləri barədə fikirlərini bölüşüb. Sessiyada Qətər, Çili, Sinqapur, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri də öz ölkələrinin təcrübələri barədə məlumat veriblər.
Plenar iclas beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsi və korrupsiyaya qarşı mübarizədə effektiv yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.
Qeyd edək ki, tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir. Tədbirə müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən 50-yə yaxın rəhbər vəzifəli şəxslər qatılıb. Əsas mövzusu “Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları” olan Plenar iclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə olunmuş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və digər altmövzular üzrə panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulur. Eyni zamanda, Plenar iclas çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar, habelə ölkəmizin COP29-a sədrliyi ilə bağlı ekoloji hüquqpozmalara qarşı mübarizə ilə bağlı xüsusi sessiya və paralel tədbirlər də keçiriləcək. Bundan başqa, tədbirdə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması planlaşdırılır.
Beynəlxalq tədbir mayın 23-dək davam edəcək.