1990-cı illərin əvvəllərində respublikamız dərin siyasi böhran, iqtisadi durğunluq və sosial qeyri-sabitlik içində idi. Bu ağır zamanlarda Azərbaycan xalqının ən çox ehtiyac duyduğu şey, güclü bir liderin çevik və qətiyyətli qərarları ilə ölkəni təhlükədən xilas etməsi idi. Məhz belə bir vaxtda ümummilli lider Heydər Əliyevin yenidən siyasi rəhbərliyə dəvət olunması, Azərbaycanın parçalanmasının qarşısını aldı və onu yeni inkişaf mərhələsinə çıxardı.
15 İyun 1993-cü ildə baş verən bu dönüş, yalnız siyasi sabitliyin təməli deyil, həm də xalqın bir lider ətrafında birləşə bildiyini sübut edən mühüm bir hadisədir. Bu günün mahiyyətində təkcə xilası yox, həm də ümidlərin yenidən doğuşu, gələcəyə inamın bərpası dayanır.
Bu gün biz güclü, söz sahibi olan, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirən bir Azərbaycanın vətəndaşlarıyıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib və dövlətçiliyimiz yeni zirvələrə doğru irəliləməkdədir. Bütün bu uğurların kökündə isə 15 İyunda təməli qoyulmuş siyasi sabitlik və xalq-iqtidar birliyi dayanır.
“Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyi olaraq, biz bu əlamətdar günü böyük iftixarla qarşılayır, milli iradəmizin və dövlətçilik ənənələrimizin qorunması uğrunda çalışan hər kəsə təşəkkür edirik. Cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də eşitmə məhdudiyyətli insanların sosial həyatın aktiv iştirakçılarına çevrilməsi üçün bu sabitliyin nə qədər vacib olduğunun fərqindəyik.
Bu münasibətlə xalqımıza rifah, dövlətimizə davamlı yüksəliş, gələcək nəsillərə isə bu şanlı tarixi unutmamaq arzusuyla – Qurtuluş Günümüz mübarək olsun!
Mehriban Hüseynova,
“Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri