44 şəhid övladını əhatə edən layihənin məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhid övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını, həssas münasibətini nümayiş etdirmək, motivasiyasını artırmaq, uğurlu kadr kimi inkişaf etmələrini stimullaşdırmaqdır.
Layihə çərçivəsində I və II Qarabağ müharibəsi şəhidlərinin övladları bir araya gətirilərək onların arasında münasibətin qurulması ilə Vətən müharibəsi şəhidlərinin övladlarının sosial adaptasiyasına dəstək göstərilməsinə şərait yaradılıb.
Layihə ilə bağlı keçirilən tədbirdə agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, “Rabitəbank” ASC İdarə Heyəti sədrinin birinci müavini Orhan Gültekin, Milli Məclisin üzvü Sevinc Hüseynova, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov və başqaları iştirak edib.
Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev çıxışında şəhidlərimizin, qəhrəman Vətən övladlarının əziz xatirələrinin daim ehtiramla yad edildiyini, onların əmanətlərinə, övladlarına daim xüsusi diqqətin və dəstəyin vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, layihə uşaqların intellektual inkişafı, yeni biliklər və bacarıqlar əldə etmələri üçün faydalı olacaq.
“Rabitəbank” ASC İdarə Heyəti sədrinin birinci müavini Orhan Gültekin çıxışında Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəxslərin ailələrinə dəstək olmağın korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindən biri olaraq müəyyən edildiyini bildirib. Həmin çərçivədə müxtəlif istiqamətli yardımlar, təhsil və iş imkanları yaradılması, eyni zamanda, sosial layihələrdə iştirak etmək üçün kömək göstərildiyini qeyd edib və hər kəsi bu istiqamətdə daha fəal olmağa çağırıb.
Digər çıxış edən qonaqlar da şəhid ailələrinə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb, belə layihələrin icrasını yüksək qiymətləndiriblər.
Daha sonra tədbir “İnkişaf və imkanlar” mövzusunda panel müzakirə ilə davam edib. “Yüksəliş” müsabiqəsinin qaliblərindən ibarət spikerlər mövzu ilə bağlı sualları cavablandırıblar və öz təcrübələrini bölüşüblər.
Həmçinin komanda müzakirələri, “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib, şəhid övladlarına müxtəlif hədiyyələr təqdim edilib.