Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Yenə həmrəy idik, yad olsaq da doğma idik…

Sentyabrın 27-də – Anım Günündə ölkənin dörd bir yanında Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarının uyuduqları Şəhidlər xiyabanlarında al qərənfillərin izdihamı müşahidə olunurdu. Böyükdən-kiçiyə hər kəs müqəddəs and yeri hesab etdikləri, qəhrəman döyüşçülərin uyuduqları məkanlara üz tutmuşdu. Azərbaycan xalqı böyük qürur, eyni zamanda, dərin kədər hissləri ilə öz savaşçılarını tək-tək ziyarət edirdi. Dualar, göz yaşları və minnətdarlıq sözləri… Həmin gün hamı yenə də həmrəy idi. Cəsur döyüşçülərimizin məzarları qarşısında hər kəs bir-biri ilə doğmalaşmışdı. Ziyarətçilər şəhid ailələrinin dərdinə şərik olur, qazilərlə həmsöhbət olub o günləri xatırlayırdılar.

Sentyabrın 27-də - Anım

İkinci Şəhidlər xiyabanının ziyarətçiləri arasında olan Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova Anım Gününün yalnız şəhidlərimizin qəhrəmanlıqlarını yad etməklə yekunlaşmadığını, eyni zamanda, millət olaraq həmrəylik və birlik ruhunu da gücləndirdiyini deyib.

O, şəhid oğlundan danışaraq, qürur və kədər dolu ürəkdən gələn sözlərini dilə gətirib: “Millətimiz sağ olsun! Vətənimiz sağ olsun! Bu gün Qarabağ azadlıqdadır, bu torpaqların hər qarışında oğlumun, şəhidlərimizin izi var. Onlar canı və qanı ilə bu torpaqların mübarizəsini apardılar. 27 Sentyabr – Anım Günü Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı ehtiramla anmaq üçün bir araya gəlirik. II Şəhidlər xiyabanında şəhidlərin məzarları ziyarət olunur, ailələri və dostları tərəfindən dualar oxunur, məzarlar gül çələngləri ilə bəzədilir. Bu məkan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının ruhunun əbədi dincəldiyi müqəddəs bir ocaqdır”.

Vətən müharibəsi şəhidi, baş leytenant Rövşən Nurzadənin anası Gülcamal Nurəliyeva övladının Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla paralel qrupda təhsil aldığını, Tovuz döyüşləri zamanı ehtiyatda olan zabit imiş. Lakin döyüşə getmək üçün adını yazdırdığını bildirib: “Vətən müharibəsi başlayanda Rövşən döyüşə könüllü olaraq getdi. Müharibənin ilk günlərindən Füzuli, Cəbrayıl istiqamətlərindən başlayan döyüş yolu Şuşaya qədər uzandı. Noyabrın 6-da Şuşada şəhid oldu.

Rövşən Vətəni hamımızdan çox sevdi, torpaqlarımızın azad edilməsi uğrunda canından keçdi. İki övladını isə əmanət qoyub getdi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində biz azad Qarabağda rahatlıqla gəzir, qurub-yaradır və məskunlaşa bilirik”.

Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşə yollanaraq Füzuli, Qubadlı, Laçın və Şuşa istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak edən Elçin Qasımov isə döyüş meydanında əldə edilən Qələbənin, Ordumuzun digər bölmələrinin azad etdikləri ərazi xəbərlərinin, xalqımızın dəstəyinin onun üçün ən unudulmaz xatirələrə çevrildiyini deyib: “Çətin də olsa, şərəfli yol idi. Çox sevinirəm ki, bizim nəslə, mənə tarixi anları yaşamaq, qələbəyə doğru addım-addım irəliləmək, o torpaqların hər cığırında iz salmaq nəsib oldu. Vətənimizi bütöv şəkildə görmək, həmin torpaqların öz sakinlərini sevinclə qarşılamasına şahid olmaq sözlə ifadə ediləsi hisslər deyil. Bunu ancaq döyüş meydanında Zəfərə can atan, atdığı hər addımda doğma torpaqlardan güc alan birisi daha dərindən hiss edə bilər. Bizim Zəfər yolumuzda qəhrəman qardaşlarımızın ayaq izləri həkk olunub. Allahdan şəhidlərimizə rəhmət diləyirəm”.

İkinci Şəhidlər xiyabanını ziyarət edən paytaxt sakini Mirfərhad Kərimov ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların xatirəsini yad etməyin hər kəsin borcu olduğunu bildirib: “Bu gün biz and yerimiz olan Şəhidlər xiyabanlarını yad etdik, həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin qəhrəmanlarının məzarı önlərində onlara minnətdarlığımızı bildirdik. Həmin ənənə xalqımız var olduqca davam edəcək. Hər birimiz bu torpaq, bu xalq, bu millət üçün canını fəda edən cəsur döyüşçüləri dərin hüzn və ehtiramla xatırlayacaq, onların göstərdiyi şücaəti nəsillərdən-nəsillərə ötürəcək. Bu gün biz Şuşaya, Xankəndiyə gedə biliriksə, xəyallarımızı real olaraq yaşayırıqsa, bu, qəhrəman oğullar sayəsindədir. Bir ömür çalışsaq da, onlara olan borcumuzu ödəyə bilmərik, lakin tez-tez ailələrini, məzarlarını ziyarət edərək vəfa borcumuzu yerinə yetirmiş olarıq. Allah rəşadətli Azərbaycan Ordusunun qəhrəman hərbi qulluqçularını qorusun. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Ordumuzla qürur duyuruq”.

Qədirbilən xalqımız 44 günlük Zəfər salnaməsinin qəhrəmanlarını heç zaman unutmayacaq, onları hər zaman yaşadacaq, xatirələrini uca tutacaq. Dastana dönən igidlərin yazdığı şanlı tarix min illər keçsə də, böyük fəxarət hissi ilə xatırlanacaq, onların şərəfli həyat və döyüş yolu gələcək nəsillər üçün örnəyə çevriləcək. Onların hər biri azad edilən torpaqlara atılan hər addımda minnətdarlıq hissi ilə yad ediləcək.

Xatırladaq ki, Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 2 min 900-dən çox əsgər və zabitimiz şəhadətə qovuşub.