YAP-dan bildirilib ki, görüşdə İvan Muşket MDB PA-nın uzunmüddətli müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verib, missiyanın işini dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmama, obyektivlik və qərəzsizlik prinsipləri, həmçinin MDB-yə üzv dövlətlərdə demokratik seçkilərin standartları, seçki hüquq və azadlıqları haqqında Konvensiya əsasında qurduğunu deyib.
O, müşahidə missiyasına rəhbərliyin Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskinə həvalə olunduğunu və fəaliyyətlərinin seçkilərin keçirildiyi ölkənin müvafiq dövlət qurumları, siyasi partiyaları, namizədlərin seçki qərargahları və media qurumları ilə əlaqəli şəkildə həyata keçiriləcəyini vurğulayıb. Seçki prosesinin iştirakçıları ilə ilk görüşün YAP-ın nümayəndələri ilə keçirildiyini söyləyən İ.Muşket diqqətə çatdırıb ki, məqsəd Azərbaycanda seçkiqabağı vəziyyət və YAP-ın seçkilərə hazırlığı barədə məlumat əldə etməkdir.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın demokratik seçki təcrübəsinə malik olduğunu, qarşıdan gələn parlament seçkilərinin də ədalətli, şəffaf və demokratik keçirilməsi üçün zəruri şəraitin təmin edildiyini bildirib.
Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıqla bağlı fəaliyyətini ölkənin seçki qanunvericiliyi və partiyanın İdarə Heyətinin 2024-cü il iyulun 3-də baş tutan iclasında qəbul etdiyi Tədbirlər Planı əsasında ardıcıl və sistemli şəkildə həyata keçirdiyini bildirib.
Tahir Budaqov Tədbirlər Planı əsasında görülmüş və nəzərdə tutulan işlər barədə də məlumat verib. O qeyd edib ki, YAP-ın ölkənin bütün seçki dairələri üzrə irəli sürdüyü deputatlığa namizədləri sırasında Milli Məclisin üzvü kimi aktiv fəaliyyəti ilə seçicilərin etimadını doğrultmuş təcrübəli deputatlarla yanaşı, yeni simalar, o cümlədən yüksək potensiala malik gənclər də vardır.
Daha sonra YAP Sədrinin müavini müşahidə missiyası üzvlərinin ölkədəki seçki mühiti, partiyanın seçkilərə hazırlıq tədbirləri və bir sıra digər məsələlər barədə suallarını cavablandırıb, missiyanın fəaliyyətinə uğurlar arzulayıb.