Deputat bildirib ki, Azərbaycan soyqırımın beynəlxalq miqyasda öz ədalətli hüquqi qiymətini alması istiqamətində ciddi addımlar atır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının dünya miqyasında təbliği müsbət nəticələr verib.
Belə ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib. Kampaniya çərçivəsində hər il dünyanın müxtəlif ölkələrində Xocalı qurbanlarının xatirəsi yad edilir, beynəlxalq ictimaiyyət Xocalıya ədalət tələb edir.
Onun sözlərinə görə, 2023-cü il antiterror əməliyyatı nəticəsində isə Xocalı işğaldan azad edildi: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Xocalı separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçımız üçrəngli bayrağın Xocalıda ucaldılma anında keçirdiyi hissləri də ictimaiyyətlə bölüşüb: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm”. Xocalıda üçrəngli bayrağımızın dalğalandığı hər gün şəhidlərimizin ruhunu şad edir, bizi qürurlandırır.
Bu gün bütün azad olunmuş ərazilərdə olduğu kimi, Xocalıda da bərpa-quruculuq işləri aparılır, ötən ilin mayında ilkin mərhələdə Xocalı şəhərinə 24 ailədən ibarət 88 nəfər köçürülüb. Xocalının Ballıca kəndində isə 460 keçmiş köçkün yerləşib.
Ötən həftə Prezident İlham Əliyevin Xocalıya səfəri zamanı biz həyata keçirilən işlərin nəticələrini gördük. Sakinlərlə görüş zamanı dövlət başçısı bir daha bəyan etdi ki, “burada insanlar rahat, təhlükəsiz və xoşbəxt yaşamalıdırlar. Bunun üçün Azərbaycan dövləti bundan sonra da hər şeyi edəcək”.
Bir sözlə, Xocalıya da bu torpaqların əsl sahibləri qayıtmaqdadır. Bu bölgəmiz də ən inkişaf etmiş ərazilərdən birinə çevrilməkdədir. Amma təbii ki, biz bəşəriyyətin ən qanlı cinayətini unutmayacağıq.
Soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasına dair addımlar bundan sonra da davam edəcək”.