O bildirib ki, Ulu Öndər Heydər Əliyev faciənin bütün dünyada tanıdılması, hadisənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün böyük işlər görüb: “Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi və Heydər Əliyev bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırdı. Eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirdi. Məhz Prezidentin imzaladığı 1997-ci il 25 fevral tarixli Sərəncamla hər il fevral ayının 26-sında Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymətin verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri də xüsusi olaraq qeyd etmək lazımdır”.
Deputat erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında Heydər Əliyev Fondunun dünya miqyasında gördüyü işlərdən, “Xocalıya ədalət” kampaniyasının xüsusi əhəmiyyətindən danışıb: “Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyirlər. O cümlədən Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsini “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırıblar. Prezident İlham Əliyev tərəfindən Xocalı faciəsinin dünya miqyasında soyqırımı kimi tanıdılması prosesi davamlı olaraq aparılıb. Bakıda ucaldılmış “Ana harayı” abidəsi bu gün xalqımızın, xüsusən də Xocalı sakinlərinin anım yerinə çevrilib. Xocalı sakinləri ilə görüşündə Prezident İlham Əliyevin Xocalı şəhərində Soyqırımı Memorial Kompleksinin ucaldılması barədə fikirləri hər kəsin ürəyincə olub. İnanırıq ki, Azərbaycan Prezidentinin Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında imzaladığı Sərəncam xalqımıza qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılmasına dəstək, erməni vəhşiliyinin bütün dünyada ifşa olunmasına səbəb olacaq. Xocalı faciəsi qurbanlarının əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq”.