Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Xocalı sakini: Biz 33 ildir fevral ayında heç bir xeyir iş etmirik

Xocalı sakini Zənurə Səlimovanın Turanazerbaycan.com-a müsahibəsini təqdim edirik:

Xocalı sakini Zənurə Səlimovanın

– ⁠Xocalı faciəsi günlərinizdən danışmağınızı istərdik. Soyqrım gecəsini necə xatırlayırsınız?
– ⁠Biz 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş verənləri şəxsən öz gözlərimlə görmüşəm. Həmin gün həyat yoldaşım gecə növbəsində idi. Biz həmin dönəmlərdə yeni evli idik. Saat 12-1 raddələrində yoldaşımın səsinə ayıldıq. Öz qardaşını çağırırdı ki, ermənilər Xocalını dörd bir tərəfdən mühasirəyə alıb, artıq Xocalı erməni vandallarının əlindədir. Qaynanam ayaqları tutulduğu üçün onu yoldaşımla, qaynım bellərində bütün yolu daşıdılar. Çox zülm və müsibətlə biz çayın qırağı ilə “5 mərtəbə” deyilən zirzəmiyə çatdıq. Burada 100-ə yaxın insan sığınmışdı. Az keçməmişdi xəbər verdilər ki, bir neçə saatlıq meşəyə çəkilək daha sonra zirzəmiyə geri dönərik. Heç kimin xəyalına belə gəlməzdi ki, öz dədə-baba yurdunu, evini-eşiyini belə şəkildə tərk edər. Təsəvvür edin ki, gəlin köçərkən gətirdiyim cehizləri açmaq mənə qismət olmadı. Bətnimdə körpəm var idi və mən onu ermənilərini vəhşiliklərinin ucbatından böyüdə bilmədim, tələf oldu. Qar yağan vaxtı, Qarqar çayını güclə keçib böyük əziyyətlə meşəyə keçdik. Həmin gecəni 33 il yox bundan sonra 133 il keçsə də, unutmarıq. Xocalıların ağlından o hadisənin heç bir saniyəsi unudulmaz.
– ⁠Bu soyqırımda yaxınlarınız qətlə yetirilib?
– ⁠Mənim dayımın erməni 5 gün əsir saxlayandan sonra cəsədini verdi. İnanın onun cəsədi tanınmaz halda idi. Onun 6 dənə dişini özünə çəkdirmişdilər. Gözünə elə vurmuşdular ki, alnı parçalanmışdı. Xalamın iki övladı əsir düşdü. Xalam ölənə kimi o uşaqların xəyalları ilə yaşayırdı. Daha sonra əmim əsir düşmüşdü, 25 gündən sonra onun cəsədi təhvil verdilər. Əmimin övladını isə qaçan zaman vursalar da, anası onun ölüsünü Ağdama keçirə bilmişdi. Qaynanam da itkin düşdü və biz onu tapa bilmədik. Ağdam camaatına minnətdarıq ki, həmin gün bizə çox kömək etdilər. Xocalıda elə bir ailə yoxdur ki, onun yaxını orada zədə almasın. Ermənilər bizə elə bir od qoydu ki, biz gəncliyimizi, həyatımızı yaşaya bilmədik.
– ⁠Bu qədər acıdan sonra 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunma xəbərini necə qarşıladınız?
– ⁠Bizim yaşadığımız bina həmin gün sanki toy-bayram edirdi. Heç cür inana bilmirdik ki, biz nə zamansa, Xocalıya qayıdarıq. Bu gün biz, yəni xocalılar hər şeyimizi şəhidlərimizə, qazilərimizə ən başda isə Ali Baş Komandana borcluyuq.
– ⁠32 illik həsrətdən sonra Xocalıya yenidən qayıdarkən hansı hissləri keçirdiniz?
– ⁠Çox həyəcanlı, sevindirici və gözəl hissdir. Bunları ifadə eləmək çox çətindir. Mən sevinərək, həm də üzülərək bu torpaqlara qayıtdım. Çünki mən Xocalıdan çıxanda 3 nəfər idik, qayıdanda isə 11 nəfərlə qayıtdıq. Amma ona görə üzülürəm ki, qaynanam, hətta anam bizimlə bura gələ bilmədi.
– ⁠Xocalı faciəsinin ildönümü barədə nələr deyə bilərsiniz?
– ⁠Biz otuz üç ildir ki, fevral ayında heç bir xeyr iş etmirik. Nə toya getmirik, nə də toy etmirik. Bu, çox pis hissdir. Allah heç kimə bunu yaşatmasın.