Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Su idarəetmə sistemlərinin iqlimə dayanıqlı kənd təsərrüfatında rolu: COP29 dəyirmi masa müzakirələri” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, qlobal iqlim dəyişmələri və antropogen amillərin təsiri nəticəsində əkinə yararlı torpaqlar deqradasiyaya uğrayır, şirin su ehtiyatları azalır. Baş verən iqlim dəyişikliklərinin kənd təsərrüfatı sektoruna mənfi təsir etməsi ilə bərabər kənd təsərrüfatı fəaliyyətləri də öz növbəsində iqlim dəyişikliklərinə səbəb olan amillər içərisində yer almaqdadır. Qlobal miqyasda atılan istixana qazlarının 20 faizdən çoxunun kənd təsərrüfatı fəaliyyətinin nəticəsi olduğu bəllidir.
“İqlim dəyişikliyi problemləri ölkəmiz üçün çox aktual olmaqla ölkənin əsas prioritet və strategiyalarında da öz əksini tapmaqdadır. Qlobal iqlim dəyişikliklərinin təsiri nəticəsində son illərdə ölkənin su ehtiyatlarının 15 faizdən çox azalması müşahidə olunur. Təəssüf ki, növbəti illərdə də proqnozlar daha da kəskindir və azalma davam edəcək. Həmin dəyişikliklər həm kənd təsərrüfatı bitkilərinə, həm də heyvandarlığa təsir göstərir. Bu baxımdan bitkiçilik və heyvandarlıq sahəsi üzrə iqlim dəyişikliklərinə uyğunlaşma məqsədilə konkret fəaliyyətlər həyata keçirilməlidir”, – deyə Vüqar Kərimov vurğulayıb.