Aksiyada iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, tədbir çərçivəsində Müşfiqabad qəsəbəsində 11 min 111 ədəd ağac əkilib. Ölkə ərazisində isə ümumilikdə 111 min 111 ağacın əkilməsi nəzərdə tutulur: “Hazırda bu aksiya ölkənin bütün bölgələrində davam edir”.
Tədbirdə iştirak edən Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner bu aksiyanı dünyanı, o cümlədən Azərbaycanı daha yaşıl və ekoloji cəhətdən təmiz etmək üçün səfərbərlik adlandırıb: “Dünyada iqlim dəyişir və bu, ekoloji tarazlılığı ciddi şəkildə pozur. Bu ağacəkmə aksiyası isə iqlim dəyişmələrinə qarşı mübarizəyə töhfə verən fəaliyyətdir. Azərbaycan da bu aksiyanı hər il müntəzəm olaraq həyata keçirir. Biz də sevinclə bura gəlib ağaclarımızı əkdik”.
Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Əbubəkir Gizligider Bakıya COP29 çərçivəsində gəldiyini deyib. O, ağacəkmə aksiyasının əhəmiyyətini vurğulayaraq bildirib: “Biz deyirik gələcəyə nəfəs, Türkiyəyə nəfəs, gələcəyə nəfəs, Azərbaycan üçün nəfəs, gələcəyə nəfəs, bütün Türk dünyasına nəfəs və gələcəyə nəfəs, bütün dünyaya nəfəs olacaq. Bu ağaclar böyüyəcək və əsrlər boyu bizdən sonra həm bütün dünyaya, həm bəşəriyyətə, həm də Türk dünyasına nəfəs olmaya davam edəcək”.
Qeyd edək ki, Türk Dövlətləri Milli Ağaclandırma Günündə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə kütləvi ağacəkmə aksiyaları keçirilir.