açılış mərasimində çıxış edən ETKİ-nin direktoru, konqresin sədri, professor Gülnaz Dadaşova istər Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresini, istərsə də aprel ayında olmuş I Türk Dövlətləri Kardioloji Qurultayını ölkələrin tibb sahəsində əməkdaşlığının yeni mərhələsi və Türk Dövlətləri Təşkilatının dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisi kimi səciyyələndirib.
“Həmçinin qürurverici haldır ki, konqres oktyabrın 8-də Şuşada Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin dördüncü iclası ərəfəsində və çərçivəsində keçirilib”, – deyə Gülnaz Dadaşova vurğulayıb.
Tədbirdə çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan Respublikasındakı nümayəndəsi Ufuk Turqaner diqqətə çatdırıb ki, beynəlxalq tədbir Türk dünyasından olan kardiologiya mütəxəssislərini bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən tibb xidmətlərinin keyfiyyətini artırmasına töhfə verəcək.
Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov çıxışında qeyd edib ki, konqresin proqramına yeni tibbi texnologiyaların və fundamental tibbin nailiyyətlərinin tətbiqinin praktiki aspektlərinə həsr olunan iclaslar, orijinal tədqiqatın nəticələri, real klinik təcrübədən olan hallar əsasında debatlar daxildir: “Tibbin kardiologiya və onkologiya sahələrini birləşdirən bir çox səbəb var. Onkoloji xəstəliklər, adətən, yaşlı nəslin problemidir. Onkoloqlar onları müalicə etdiyi zaman ürək-damar patologiyası ilə bağlı kardioloqlara müraciət edirlər. Eyni zamanda, elmi tədbirin internet üzərindən yayımı həkimlərin davamlı tibbi təhsili üçün unikal zəmin yaradıb”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Azərbaycanın Türk dünyasının inteqrasiyasında müstəsna rol oynadığına diqqət çəkib: “Ölkəmiz türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsində özünəməxsus körpü funksiyasını yüksək səviyyədə yerinə yetirir. Bugünkü konqres də Azərbaycan Respublikasının aparılan dövlət siyasətinin, yəni Türk dünyasına inteqrasiyanın genişlənməsi və möhkəmlənməsi siyasətinin inkişafına öz töhfəsini verəcək. Konqres Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Türk dünyasına, türk birliyinə verdiyi əməli töhfə kimi də yüksək əhəmiyyətə malikdir. Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinin Bakıda keçirilməsini ölkəmizdə gedən proseslərlə əlaqəli şəkildə əlamətdar elmi hadisə kimi yüksək qiymətləndirirəm”.
Türkiyədə ilk ürək transplantasiyası əməliyyatını icra edən qadın həkim, Siyami Ersek Xəstəxanasının həkim-kardioloqu, professor Serap Aykut Aka deyib: “Onkoloji xəstəliklər olduqca geniş yayılıb və təəssüf ki, hər 8 qadından birində süd vəzi xərçəngi aşkarlana bilər”.
Professor qeyd edib ki, türk dövlətləri bütün sahələrdə daim bir-birinə dəstək verməlidir: “Türkün ürəyi Bakıda döyünür. Biz hər zaman qardaş Azərbaycanın yanındayıq. Ümid edirəm ki, türk dövlətləri arasında təlim proqramları geniş şəkildə davam edəcək”.
Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan elmi və tibb müəssisələrin rəhbərləri də çıxış ediblər.
Oktyabrın 4-dən 7-dək davam edən konqresə 1000-dən artıq yerli və xarici mütəxəssis qatılıb.
Qeyd edək ki, Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 30 DTT kredit balı ilə qiymətləndirilib.
Konqres bədii hissə və panel müzakirələr ilə davam edib.
Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinin açılış mərasimində dövlət qurumlarının rəhbər şəxsləri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, Azərbaycan Tibb Universitetinin tələbələri və ETKİ-nin könüllüləri iştirak ediblər.