Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

“Su şəhidi” ləqəbli qəhrəmanın anım mərasimi keçirilib

Vətən müharibəsi şəhidi Cəlaləddin Fərhadovun anım mərasimi keçirilib.

Vətən müharibəsi şəhidi Cəlaləddin

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra müqəddəs kitabımız “Qurani-Kərim”dən ayə və surələr oxunaraq şəhidlərimiz ruhuna hədiyyə edilib.

Daha sonra şəhidin şərəfli həyat və döyüş yolu barədə məlumat verilib. Bildirilib ki, Cəlaləddin Fərhadov 2001-ci il mayın 1-də Ağdaş rayonunda ailənin sonbeşiyi olaraq dünyaya gəlib. 2018-ci ildə orta məktəbi bitirən Cəlaləddin növbəti il həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun baş çavuşu olan Cəlaləddin Fərhadov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il noyabrın 8-də Şuşa Qələbəsindən 2 saat sonra şəhidlik zirvəsinə yüksəlib.

Cəlaləddin Fərhadov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Tədbirdə çıxış edən şəhidin anası Pərvanə Fərhadova 16 yaşında atasını itirən Cəlaləddinin həyata tez atıldığını, anası və bacılarına maddi dəstək olmaq üçün təhsilini dayandırdığını, müxtəlif işlərdə çalışdığını bildirib. “Cəlaləddin çox saf niyyətli, gülərüz, qəlbi Allah sevgisi ilə dolu idi. Həyat yoldaşımı itirəndə o, yeniyetməlik dövrlərində olmasına, üç bacının tək qardaşı, evin sonbeşiyi olmasına baxmayaraq, ərköyünlük eləmədi, ailənin bütün yükünü öz çiyinlərinə götürdü. Simasından sanki nur yağırdı. Heç kimi incitməzdi. Atasını o qədər sevirdi ki, bizi erkən tərk edib onun yanına getməyi seçdi… Cəlaləddin müharibə dövründə ön cəbhədə olduğunu bizdən gizlətmişdi. Amma rayonlar alındıqca özünəməxsus şəkildə zəng edib təbrik edir, müjdə verirdi. Şəhadətindən 15 gün öncə danışdıq. Yenə də şən zarafatlarından, deyib-gülməyindən qalmırdı. Amma şəhid olacağı onun ürəyinə dammışdı. Hələ hərbi xidmətə getməzdən əvvəl bacılarına deyibmiş ki, mən geri qayıtmayacağam. Şəhadətindən bir gün əvvəl Şuşada möhkəm yağış yağıbmış. Havanı içinə çəkərək deyib ki, sabah şəhidimiz olacaq. Elə sabahı gün – noyabrın 8-də döyüş yoldaşlarına su gətirməyə gedərkən yaxınlığına düşən top mərmisinin qəlpələrinə tuş gələrək şəhid olub. Onun sevgi, xeyirxahlıq və mərhəmətlə dolu ürəyi də qəlpələrin hədəfinə çevrilmişdi…

O, 43 gün döyüşdü, Şuşa Zəfərini gördü və əbədiyyətə qovuşdu. Cəlaləddinə “Su şəhidi” də deyirlər…Cəlaləddinin simasındakı nuranilik oğlumu tanıyan, tanımayan hər kəsi onun ocağına toplayır. Hər kəs ona sevgisini nə iləsə ifadə etməyə çalışır. Oğlum nəinki sağlığında, şəhadətindən sonra da özünü sevdirməyi bacarıb”.

Tədbirdə çıxış edən “EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev, “Vətən naminə inkişafa dəstək” İctimai Birliyinin sədri Sevda Əliyeva, Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti Jalə Əhmədova, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov, şəhid ailəsi üzvləri, qazilər və digərləri 44 gün ərzində Azərbaycan Ordusunun hər bir mənsubunun göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıb, uzun illərdən sonra bütün mifləri dağıdaraq qısa müddətdə tarixi Qələbəyə imza atdığını bildiriblər. Qeyd olunub ki, ötən il 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində nəinki Zəfər Günü, digər bayramlar da bütöv, suverenliyi, konstitusiya quruluşu tam bərpa edilmiş Azərbaycanda qeyd edilir. Bildirilib ki, 44 şərəfli gün ərzində Azərbaycan Ordusunun arxasında dağ kimi duran xalqımız cəsur döyüşçülərini, onların yadigarlarını da unutmur.

Tədbirdə şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının daim dövlətin diqqətində olduğu, ən yüksək səviyyədə qayğı və sevgi ilə əhatə olunduğu vurğulanıb.

Anım mərasimində Zəfərimizin qəhrəmanlarının xatirəsinin əbədiləşdirildiyi istiqamətində görülən işlərdən bəhs edilib, noyabrın 8-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən açılışı edilən Zəfər parkının da bunun bariz nümunəsi olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır.

Tədbir bədii hissə ilə davam edib. Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Anım mərasimində, həmçinin şəhidin həyat və döyüş yolundan bəhs edən fotolardan ibarət videoçarx göstərilib, ondan yadigar qalan əşyalar nümayiş etdirilib.