Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Son 30 il ərzində iqlim dəyişmələri Xəzər dənizinin hövzəsində özünü daha həssas göstərib

Avqustun 12-si Xəzər Günü və ya Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür.

Avqustun 12-si Xəzər Günü

2006-cı ilin məhz bu günündə “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.

“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.

Təsdiq olunduğu şəhərin adı ilə “Tehran Konvensiyası” kimi tanınan həmin saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da əksini tapıb. “Tehran Konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib. Sonradan bu tarixin Xəzər Günü kimi qeyd edilməsinə başlanılıb.

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası onun sahilində yerləşən beş dövlət arasında regionda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

2018-ci il avqustun 12-də isə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Son 30 il ərzində iqlim dəyişmələri Xəzər dənizinin hövzəsində özünü daha həssas göstərib. Bunun nəticəsində Xəzər dənizinin sahil boyunda yaşayan əhali ciddi iqlim dəyişmələrinin, dənizin su səviyyəsinin tərəddüdünün, sel və quraqlıqların mənfi təsirlərinə daha çox məruz qalıb. İqlim dəyişmələri səbəbindən Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi region üçün potensial təhlükəyə çevrilib. Dənizə tökülən çayların suyunun azalması yağıntıların miqdarının azalması ilə bərabər, həm də çay sularından kənd təsərrüfatının artan tələbatının ödənilməsinə yönəldilməsi ilə də izah edilir.

Xəzər dənizində səviyyə üzərində instrumental ölçmələr 1840-cı ildən başlayaraq aparılır. Ötən dövr ərzində ən yüksək səviyyə 1882-ci ildə (Baltik Sistemində −25.2 metr), ən aşağı səviyyə isə 1977-ci ildə (−29.0 metr) qeydə alınıb. Səviyyənin tərəddüd amplitudası 3,8 metr təşkil edib.

XX əsrdə səviyyənin dəyişkənliyinin az olduğu kifayət qədər üzün üç dövr ayırd edilir. Birinci dövrdə (1900−1929) səviyyə demək olar ki, sabit qalıb və -26.3 metr ətrafında az dəyişib. İkinci dövrdə (1930-1977) səviyyə monoton olaraq düşüb, 1930-1938-ci illərdə azalma 1.75 metr təşkil edib, 1977-ci ildə isə ilk dəfə -29.0 metrə çatıb və bu illərdə dənizin sahəsi 48 min kvadrat kilometr kiçilib. Üçüncü dövrdə (1978-1995) səviyyənin kəskin qalxması (2.0 metr) müşahidə edilib.

XX əsrin axırı, XXI əsrin ilk onilliklərində səviyyə yenidən enməyə başlayıb. 2020-2023-cü illərdə Azərbaycanın Xəzər sektorunda bu azalma 75 santimetr təşkil edib və 2024-cü il yanvarın 1-nə səviyyə Baltik Sistemində -28.7 metr olub.

Çoxillik dövr ərzində səviyyənin dəyişməsinə təsir edən müxtəlif xarakterli amilləri dörd böyük qrupa bölmək olar: kosmogeofiziki qüvvələr, geoloji və geodinamik proseslər, hidrometeoroloji proseslər və antropogen amillər. Səbəb-nəticə əlaqələrinin təhlilinin nəticələrinə görə, Xəzər dənizinin səviyyəsinin uzunmüddətli dəyişkənliyi okean (Şimali Atlantik) – atmosfer – quru səthi (Volqa çayının hövzəsi) sistemində irimiqyaslı rütubət mübadiləsinin inteqral göstəricisidir. XX əsrdə səviyyənin dəyişkənliyində Volqa çayı hövzəsində əmələ gələn çay sularının payı təxminən 64 faiz təşkil edib. Dənizə tökülən digər 130-a yaxın çayın, xüsusilə Kür, Ural, Terek və Sulak çaylarının axımı da nəzərə alınarsa, bu rəqəm artaraq 70 faiz təşkil edər. Qalan 30 faiz isə digər amillərin başlıca olaraq, buxarlanmanın təsiri ilə izah olunur. Belə ki, Xəzər regionunda (dəniz və ona bitişik ərazilərdə) havanın orta illik temperaturu 1980–2020-ci illəri əhatə edən dövrdə monoton şəkildə hər il 0.030°C, ümumilikdə isə 1.2°C artıb və buxarlanmanı sürətləndirib.

Məlum olduğu kimi, bu il noyabrda Azərbaycan COP29 mötəbər beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Danışıqlar prosesi ilə paralel İqlim Fəaliyyəti gündəliyi çərçivəsində Xəzər dənizi ilə bağlı təşəbbüs də yer alacaq.

Xəzər dənizi ilə bağlı təşəbbüsün dənizin probleminin yalnız milli və regional səviyyədə deyil, həm də beynəlxalq səviyyədə iqlim dəyişmələrinə uyğunlaşma proqramları çərçivəsində həlli üçün zəmin yarada biləcək.