Jurnalistlər həm tədris prosesini izlədilər, həm də yüksək səviyyədə fiziki hazırlıq məşqlərinə şahidlik etdilər
Əvvəlcə media nümayəndələrinə Qərargahda Hərbi İnstitutun tarixi, qəbul qaydaları və təhsil sistemi barədə ətraflı məlumat verilib. İnstitutun hərbi qulluqçuları arasında 10 nəfərin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldığı, şəhid polkovnik Zaur Nudirəliyevin isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldüyü qeyd olunub.
Media nümayəndələri, həmçinin Milli Müdafiə Universitetinin tabeliyində olan təhsil müəssisələrinə qəbul prosesi barədə də məlumatlandırılıb.
Daha sonra jurnalistlər “Heydər Əliyev və ordu quruculuğu” İdeoloji Mərkəzində Ulu Öndərin həyatı və siyasi fəaliyyətini, həmçinin ordu quruculuğu istiqamətində gördüyü işləri, o cümlədən Hərbi İnstitutun məzunlarının uğurlarını əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.
Hərbi İnstitutun fəaliyyəti ilə tanışlıq institutun fakültələrində davam etdirilib. Jurnalistlər gəmi artilleriyası, kiçik güclü radiostansiyalar, elektron atış, silah atış, mühəndis maneələri, multimedia, hərbi əməliyyatların idarə edilməsi siniflərində və kimya laboratoriyasında keçirilən tədris prosesini izləyib, elektron kitabxana və elmi-texniki kitabxanada olublar.
Yataqxana və yeməkxanada yaradılan şəraitə baxış keçirən media nümayəndələri açıq və qapalı idman komplekslərində kursantların yüksək fiziki hazırlığının və asudə vaxtlarının səmərəli təşkili proseslərinə şahidlik ediblər. Qeyd olunub ki, kursantlar potensiallarına uyğun olaraq gündəlik rejim əsasında ağırlıqqaldırma, döyüş idman növləri və üzgüçülüklə məşğul olurlar. Jurnalistlər, həmçinin kursantların futbol, voleybol, stolüstü tennis, qaçış yarışlarını, trenajor məşqlərini yaxından izləyiblər.
Sonda media nümayəndələrinə heyətin tribuna qarşısından keçidi də nümayiş etdirilib.
Zaur Nudirəliyev, Murad Mirzəyev kimi qəhrəmanları ideal seçən gələcək zabitlər
Jurnalistlər Hərbi İnstitutun dördüncü kurs kursantları ilə də həmsöhbət olmaq imkanı əldə ediblər. Onların duruşu və düşüncələri artıq zabit kimi ordu sıralarında xidmətə hazır olduqlarını göstərirdi.
Kiçik yaşlarından hərbçi olmağı arzuladığını deyən Hərbi hava qüvvələri fakültəsinin dördüncü kurs kursantı Tərlan Şəbızadə fikirlərinə belə davam edib: “Hələ kiçik yaşlarımdan mən Vətənə xidmət yolunda hədəfimi müəyyənləşdirmişdim. Öz arzumun ardınca getdim. Hərbi hava qüvvələri fakültəsi üç kafedradan ibarətdir: mühəndislik, uçuş heyəti və hava hücumundan müdafiə. Mən Mühəndislik kafedrasında təhsil alıram. Bu illər ərzində qazandığım bilik və bacarıqlar məndə, həmçinin peşəkarlıq və liderlik qabiliyyəti yaratdı. Azərbaycan Ordusunun misilsiz qəhrəmanlarından olan Vətən müharibəsinin şəhid polkovniki Zaur Nudirəliyev kimi Azərbaycan Ordusunda şərəfli zabit olacağım üçün fəxr edirəm. Qürur duyuram ki, Hərbi İnstitutun kursantıyam.
Gələcəkdə Vətənə layiqli xidmət etmək istəyənləri, xüsusilə də mavi səmamızı qorumaq arzusunda olanları çəkinmədən bu şərəfli yola addım atmağa səsləyirəm”.
Quru qoşunları və ümumi fənlər fakültəsində təhsil alan IV kurs kursantı İltifat Mirzəyev isə söhbətimiz zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət etmək istədiyini, idealının Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Murad Mirzəyev olduğunu dilə gətirib: “Ordu sıralarında zabit kimi xidmət etmək uşaqlıq arzum olub. Bu yolda keçdiyim çətinlik və böyük məsuliyyət nəinki gözümü qorxutmadı, bir daha əmin oldum ki, düzgün qərar vermişəm. Rəşadətli Ordunun bir mənsubu olaraq gələcəkdə xidmətimi yüksək səviyyədə təşkil etmək istəyirəm. Odur ki, bu təhsil ocağında bilik və bacarıqlarımı artırmaq üçün var qüvvəmlə çalışır, qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə icra etməyə cəhd edirəm. Qazandığımız biliklər bizim gələcək karyeramız üçün böyük önəm daşıyır. Çünki ordu sıralarında layiqli xidmət etmək üçün burada bir zabit kimi idarəetmə qabiliyyəti əldə edir və öz ixtisasımızın incəliklərinə yiyələnirik”.
Kiçik şəhərciyi xatırladan Hərbi İnstitutdan ayrılanda bir daha əmin olduq ki, burada Azərbaycan gəncliyi sözün əsl mənasında hərtərəfli inkişaf edir: həm fiziki cəhətdən güclənir, həm mənəvi baxımından zənginləşir, həm də əldə etdiyi bilik və bacarıqları Vətən və xalq yolunda doğru istifadə yönündə püxtələşir. Qısası, qürur duyulası və özünə ləyaqətli yol seçmiş Azərbaycan gəncliyi yetişir.
Əminliklə demək olar ki, Vətən də, onun layiqli xidmətçiləri də əmin əllərdədir…
Göyçək Mahmudlu
AZƏRTAC