Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş G20 ölkələrinin dünyada hava çirkləndiricilərinin 80 faizinin yaranmasına cavabdeh olduğunu deyib. “Sizin qəzəbli olmağa tam haqqınız çatır, mən də qəzəbliyəm. Çünki baş verən bu ədalətsizlik, dənizlərin səviyyəsinin yüksəlməsi sizin adaların gələcəyini təhlükə altına alır, sakinlər təbii fəlakətlərdən əziyyət çəkir, iqtisadiyyata böyük zərbə dəyir. Bu ədalətsizliyə son qoyulmalıdır”.
Baş katib diqqətə çatdırıb ki, yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün kiçik ada dövlətlərinə dəstək göstərilməlidir. Bu məqsədlə də iqlim maliyyələşməsinin uğurla razılaşdırılması tələb olunur.
COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, son aylarda Antiqua və Barbudadan Barbados və Tonqaya qədər çoxlu səfərlər edib və kiçik ada dövlətlərinin qarşılaşdığı çətinlikləri dərindən öyrənib. Bildirib ki, razılıq əldə etmək üçün tərəflər dəfələrlə bir araya gətirilib və artıq bir sıra məsələlərdə irəliləyiş var. Qeyd olunub ki, beynəlxalq maliyyə institutlarının rəhbərləri ilə əlçatanlığın təmin olunması istiqamətində də işlər davam etdiriləcək.
Nazir, həmçinin deyib: “Yardım göstərmək üçün çox çalışırıq, davamlılıq yaratmaq üçün hərtərəfli yanaşmalara ehtiyacımız var. İnanıram ki, COP29 səsimizi ən yüksək səviyyələrə qaldıran konfransa çevriləcək. Biz COP29-dan sonrakı dövrdə həqiqi tərəfdaşlıq qurmağı səbirsizliklə gözləyirik”.
Samoanın təbii sərvətlər, ətraf mühit və torpaqlar naziri Toeolesulusulu Cedric Pose Salesa Schuster isə kiçik ada dövlətlərinin iqlim dəyişikliyi səbəbindən üzləşdiyi böyük çətinliklərin, onların həssaslığının və xüsusi iqlim maliyyələşdirməsinə təcili ehtiyacının ön plana çıxarılmasının əhəmiyyətinə toxunub: “Paris Sazişini həyata keçirməyə dəstək olmaq üçün SIDS-in yeni iqlim maliyyələşdirməsi əhəmiyyətlidir. Konkret tədbirlər arasında SIDS üçün minimum illik 39 milyon dollar və digər inkişaf etməkdə olan ölkələr üçün 220 milyard dollar ayrılması yer alır”.
O, uyğunlaşma üçün maliyyənin ikiqat artırılmasının, qrant əsaslı maliyyələşmənin tətbiqinin vacibliyini vurğulayıb.
Toeolesulusulu Cedric Pose Salesa Schuster iqlim öhdəliklərinin yerinə yetirilməsi və İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) hesabatlarına uyğunlaşma üçün siyasi iradə göstərilməsinə çağırıb.
Tonqa Krallığının Baş naziri Siaosi Ofakivahafolau Sovaleni bildirib ki, dənizlərin səviyyəsinin yüksəlməsi ilə yaranan mövcud təhlükəni aradan qaldırmaq və qlobal temperatur artımını 1,5°C-də saxlamaq zəruridir. O qeyd edib ki, Tonqa dəniz səviyyəsinin yüksəlməsinə dair 2023-cü il Bəyannaməsi və 2021-ci il Dəniz Zonasına dair Bəyannamə də daxil olmaqla proaktiv addımlar atıb.
Baş nazir iqlim mobilliyi və dayanıqlı inkişaf üzrə Sakit Okean Regional Çərçivəsini də xatırladıb. O, COP29-da qlobal temperaturun artımını 1,5°C-də saxlamaq da daxil olmaqla, kiçik ada dövlətlərinin maraqlarını prioritet etmək üçün həmrəyliyə və liderliyə çağırıb.
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim dəyişmələrindən ən çox əziyyət çəkənlərin ada dövlətlərinin olduğunu bildirib. Əlavə edib ki, qlobal temperaturun 1,5 dərəcədə saxlanması ada dövlətləri üçün olduqca vacibdir: “Azərbaycan ada dövlətlərinin tərəfindədir. Onlara həmrəyliyimizi göstərərək Dayanıqlı İnkişaf Məqsədlərinin tam şəkildə icrasında birgə tədbirlərdə iştirak edəcəyik. Biz ümumi səylərlə kiçik ada dövlətlərinin üzləşdikləri çətinliklərin, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasına nail ola biləcəyik”.
Qeyd edək ki, SIDS iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qalan həssas ölkələr kateqoriyasında yer almaqdadır. Adalardan ibarət və sahil ölkələrini öz sıralarında birləşdirən alyans dəniz səviyyəsinin artmasını və qlobal istiləşmənin digər fəsadlarını beynəlxalq müzakirələr gündəliyinə çıxarır. Alyansa 39 dövlət və beş müşahidəçi ölkə daxildir.