Bu sözləri “Ana harayı” abidəsini ziyarət edən “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev söyləyib.
O qeyd edib ki, Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə ölkə ictimaiyyəti, dövlət qurumları, vətəndaşlar və gənclər təşkilatları Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsini anır: “Bu gün Xocalı sakinlərinin bir hissəsi artıq doğma torpaqlarına qayıdıb. Dövlət tərəfindən genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Mərhələli şəkildə davam edən bu proses nəticəsində digər məcburi köçkünlər də öz ata-baba yurdlarına tezliklə geri dönəcəklər”.
“Bu gün biz əvvəlki illərdən daha qürurluyuq, çünki Xocalı azaddır. Şəhidlərimizin ruhu şaddır, çünki Qarabağ artıq azaddır. Hər bir vətəndaşımızın borcudur ki, şəhidlərimizin xatirəsini daim böyük ehtiramla yad etsin. Azərbaycan xalqı var olduqca, şəhidlərimizin adı heç zaman unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!” – deyə Əhliyyət Mehdiyev əlavə edib.