İcmanın bununla bağlı bəyanatında deyilir: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 8-də keçirdiyi mətbuat konfransında Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar edən və məzmunca ziddiyyətli bəyanat verib.
Bir daha vurğulayaq ki, Ermənistan hökumətinin Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışması və “Qərbi Azərbaycan” ifadəsinə irad tutması tamamilə əsassızdır. “Qərbi Azərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərə söykənən termindir. İcma Ermənistanın ərazi bütövlüyünə hörmət etdiyini və qayıdışa sülh yolu ilə nail olmaq istədiyini dəfələrlə bildirib.
A. Mirzoyanın baş nazir Nikol Paşinyanın 2023-cü il iyulun 25-də verdiyi bəyanatında olduğu kimi, azərbaycanlıların Ermənistanı “könüllü tərk etməsi” və onlara “kompensasiya ödənilməsi”nə dair əsassız və bir-birinə zidd olan iddiaları ilə bağlı aşağıdakıları bildiririk:
Əvvəla qeyd olunmalıdır, kompensasiya hüquq pozuntusunun və itkilərin baş verməsinin etirafı mənasına gəlir ki, bu da könüllü tərk etmə iddiası ilə ziddiyyət təşkil edir. Əgər yüz minlərlə insan cəmi iki həftə ərzində öz evlərini qışın soyuğunda kütləvi şəkildə həqiqətən könüllü şəkildə tərk edibsə, onda onlara niyə “təzminat” təklif edilib?
İkincisi, biz Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formada təzminat aldıqları barədə iddianı qəti şəkildə təkzib edirik.
Nəhayət Ermənistan hökuməti bilməlidir ki, insanlar öz vətənlərini hansı şəkildə tərk etmələrindən asılı olmayaraq, qayıdış hüququna malikdirlər və Ermənistan hökuməti Qərbi azərbaycanlıların qayıdışına imkan verməməklə insanlıq əleyhinə cinayət törədir.
A.Mirzoyanın açıqlaması bir daha onu göstərir ki, Ermənistanın siyasi isteblişmenti elə Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan dönəmində olduğu kimi, Azərbaycan xalqına nifrətdən əl çəkə bilmir və bu, onların “demokratiya”, “insan hüquqları” barədə yalandan səsləndirdikləri fikirlərlə tam ziddiyyət təşkil edir.
Rəsmi İrəvan insan hüquqlarına və beynəlxalq hüquqa hörmət etməli, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz, ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququnu təmin etməlidir. Biz Ermənistan hökumətindən yalan iddialar yaymağı dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların legitim tələbləri ilə bağlı İcmamızla substantiv dialoqa başlamağı tələb edirik”.