Tədbirin əvvəlində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova salamlama nitqi ilə çıxış edib.
Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero, Rusiya Federasiyası Prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov, BMT-nin Cenevrə bölməsi baş direktorunun müavini Lidiya Qriqoryeva, “365 ART” qalereyasının təsisçisi Olqa Daniel çıxışlarında dəvətə görə təşkilatçılara təşəkkür edib və sərgiyə böyük marağı qeyd edərək, onun unikal mədəni təşəbbüs kimi əhəmiyyətini vurğulayıblar.
Sərginin məqsədi müasir rəssamların Azərbaycan xalqının qədim adət-ənənələrinə əsaslanan əsərləri ilə tamaşaçıların diqqətini iqlim dəyişikliyi ilə mübarizənin, sağlam həyat tərzinin, ekoloji problemlərin həllinin və ətraf mühitin mühafizəsinin vacibliyinə cəlb etməkdir.
“İqlim və xalçalar” sərgisində Azərbaycan xalça sənətindən və onun ənənəvi naxışlarından ilhamlanan Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyadan olan məşhur rəssamların əsərləri nümayiş olunub. Sərgiyə gələnlər məşhur rus aktrisası, rejissor, rəssam, müğənni və teleaparıcısı Natalya Boçkaryovanın “Odda yarananlar” adlı birgə işini seyr ediblər. Burada, həmçinin Nort Park Universitetinin professoru Nnenna Okore (Çikaqo), meksikalı rəssam Pedro Sezar Peralta, rəssam, “YARAT” Müasir İncəsənət Mərkəzinin və “CHELEBI” brendinin təsisçisi Aida Mahmudova, Əməkdar rəssamlar Taryer Bəşirov və Faiq Əhməd, Əməkdar mədəniyyət işçisi Elmira Abbaslı, rəssamlar Məmməd Rəşidov, Milena Nəbiyeva, Məhər Məhərrəmov, Təranə Əliyeva və Bilgəhdəki 11 nömrəli inteqrasiya təhsilli internat məktəbinin şagirdlərinin əsərləri təqdim olunub. İnternat məktəbi şagirdlərinin işləri yun, metal, bioplastik, cuna, lif, taxta qırıntıları, tullantı və digər materiallardan hazırlanıb.
Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi Texnologiyalar Bölməsində Əməkdar rəssam Taryer Bəşirovun COP29-a həsr etdiyi “Yaşıl dünya” xalçasının dəzgahdan kəsilməsi mərasimi olub.
Sərgi noyabrın 30-dək davam edəcək.