Əvvəlcə MSK-nın sədri M.Pənahov Komissiya üzvlərini Azərbaycan Respublikası Prezidentinin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamı ilə tanış edib. O bildirib ki, dövlət başçısının Sərəncamı ilə seçkilər 2024-cü il sentyabrın 1-nə təyin olunub.
Sonra seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin müəyyən edilmiş qaydada və müddətdə seçki subyektləri tərəfindən ardıcıl, sistemli və keyfiyyətlə icra olunması, onlara metodiki yardım göstərilməsi və fəaliyyətlərinin səmərəliliyinin artırılması məqsədilə seçki prosesinin bütün başlıca mərhələlərini əhatə edən zəruri məqamların əks olunduğu Təqvim planı Komissiya üzvlərinin müzakirəsinə təqdim edilib. Sözügedən mühüm seçki sənədinin hər bir hissəsi ayrı-ayrılıqda diqqətə çatdırılıb və aparılan müzakirələrin ardınca təsdiq olunması qərara alınıb.
İclasda daha sonra qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb və 9 nəfərdən ibarət tərkibdə ekspert qrupunun yaradılmasına qərar verilib. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə olunub.
Komissiyanın iclasında, həmçinin deputatlığa namizədliyin qeydə alınması məsələsinə MSK-da baxılması zərurəti yarandığı halda müvafiq sənəd və məlumatların yenidən yoxlanılması məqsədilə Komissiya nəzdində aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət İşçi qrupu yaradılıb və MSK-nın üzvü İşçi qrupunun rəhbəri təyin olunub.
Media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə baxılıb.