Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Ümumiyyətlə, Mərkəzi Seçki Komissiyasına və “qaynar xətt”ə heç bir şikayətin daxil olmadığını vurğulayan M.Pənahov bütün məntəqələrin vaxtında – saat 08:00-da açıldığını və 19:00-da bağlandığını bildirib. Qeyd edib ki, məntəqələrdə olan seçicilərin hamısı azad, sərbəst şəkildə səs verdikdən sonra artıq seçkilərə yekun vurulub və məntəqə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin tələbinə uyğun olaraq müşayiətlə dairə seçki komissiyasına çatdırılıb. Sonra isə həmin nəticələr Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilib.
Diqqətə çatdırılıb ki, bələdiyyə seçkiləri keçirilən 118 dairə seçki komissiyasının hamısından, həmçinin 4872 seçki məntəqəsindən, yəni, ümumi məntəqələrin 83,34 faizindən məlumatlar artıq MSK-nın internet səhifəsində yerləşdirilib. Ümumilikdə 660 bələdiyyədən məlumatlar daxil olub. Lider namizədlərin sayı isə 7791 nəfərdir. Ümumilikdə bu vaxtadək tam formalaşmış bələdiyyələrin sayı 413-dür. Bu da ümumi bələdiyyələrin 60,29 faizini təşkil edir. Bu, çox yüksək göstəricidir.
Məzahir Pənahov əlavə edib ki, aşağı seçki komissiyaları öz vəzifələrinin öhdələrindən qısa müddətdə çox yüksək səviyyədə gəliblər. Qalan cüzi məlumatlar daxil olduqca MSK-nın internet səhifəsində yerləşdiriləcək.
“Dairə seçki komissiyalarının protokolları yanvarın 30-dan etibarən MSK-ya daxil olmağa başlayacaq. Bundan sonra biz ilkin protokol məlumatları əsasında ictimaiyyəti nəticələrlə tanış edəcəyik”, – deyə Məzahir Pənahov vurğulayıb.