Dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi Dövlət Himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.
Şəhidin qardaşı Qabil Məmmədov ailənin sonbeşiyi olan Mübarizin kiçik yaşlarından ürəyiaçıqlığı, vətənpərvərliyi ilə seçildiyini deyib. Elə bu Vətən sevgisi Birinci Qarabağ müharibəsində onu könüllü olaraq ön cəbhədə xidmət etməyə sövq edib: “Biz hüquqşünas olduq, o isə həkim olmağı seçdi. Müharibə başlayan kimi könüllü olaraq Qarabağa getdi. Bizə deyirdi ki, yaralı əsgərlərə, zabitlərə təcili tibbi yardım göstərmək lazımdır, burada həkim azdır. Mübariz 1992-ci ilin sentyabrında Ağdərənin Sırxavənd kəndi ərazisində itkin düşdü. Döyüş yoldaşları onun ən son yaralı döyüşçüyə tibbi xidmət göstərmək üçün olduğu yeri tərk etmədiyini və ondan sonra xəbər almadıqlarını bildirirdilər. Uzun illər idi biz də yolunu gözləyirdik. Məzarının olması bizim üçün təsəllidir”.
Şəhidin oğlu Yunis Məmmədov isə atasının onun bir yaşını qeyd etdikdən sonra cəbhəyə yollandığını deyib: “Atam ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə Daxili Qoşunların N saylı hərbi hissəsində tibb xidməti leytenantı kimi başlayıb. Əmək fəaliyyəti müharibə dövrünə təsadüf etdiyindən könüllü olaraq cəbhə bölgəsinə yollanıb və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. O, Birinci Qarabağ müharibəsi zamanı həm döyüşürmüş, həm də yoldaşlarına yerində tibbi yardım göstərirmiş. Çıldıran, Mehmana kəndlərinin ərazisində döyüşlərdə olub. Ən son Sırxavənd uğrunda döyüşlərdə itkin düşüb. Döyüş yoldaşlarının verdiyi məlumata əsasən, onlar mühasirəyə düşüblər, atam da həmin vaxt yaralanıb. Yoldaşları kömək çağırmaq üçün getsələr də o, yaralıların yanında qalıb. Geri dönəndə isə onları tapmayıblar. Bu hadisə ilə bağlı ailəmizə 1992-ci il sentyabrın 29-da məlumat verilib. Atam itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdı. Axtarışlarla bağlı xeyli quruma müraciət etdik. Bu il sentyabrın 7-də tapılması barədə məlumat aldıq. Əslində başqa xəbər almaq, onu sağ-salamat qarşılamaq istərdik. Amma yenə də rahatlıq tapdıq ki, onu ziyarət edə biləcəyik. Sevinirəm ki, atamın qanı yerdə qalmadı, torpaqlarımız azad edildi. İndi onun ruhu şaddır”.