Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

İtkin şəhid Atakişi Atayev Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Atakişi Qəhrəman oğlu Atayev paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Birinci Qarabağ müharibəsinin itkin

dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb.

Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin yaxınlarına təqdim edilib.

Qeyd edək ki, 1960-cı il oktyabrın 2-də Bakıda dünyaya gələn Atakişi Atayev 1992-ci il iyunun 27-də Xocalı rayonunun Naxçıvanlı kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşmüşdü.

33 ildən sonra qardaşımızı adına layiq şəkildə dəfn etdik

AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan şəhidin kiçik qardaşı Fəxrəddin onunla ən son danışığını belə xatırlayıb: “Qardaşımla sonuncu dəfə mən danışmışam. Onları üçaylıq təlimə cəlb etmişdilər. Təlim bitəndən sonra evə zəng edib dedi ki, artıq cəbhəyə gedirik”.

F.Atayevin sözlərinə görə, qardaşı Mexanika-riyaziyyat fakültəsini bitirib, hərbi xidmət dövründə isə tankçı olub: “Onun fikri hərbidə qalmaq idi. Ermənilərin ölkəmizə qarşı ərazi iddiaları başlayanda 31 yaşında ordu sıralarına çağırıldı. Aeroportları qoruyan “Şılka” adlandırılan hərbi maşın var, dördlüləli tankdır. Atakişi Azərbaycanda həmin tankı idarə edən nadir mütəxəssislərdən idi. Ona görə də qardaşımı döyüşlərə çağırdılar. Son döyüş yeri əvvəl Ağdamın, indi isə Xocalının inzibati ərazi bölgüsünə daxil olan Naxçıvanlı, Şelli ərazisi olub. Döyüş yoldaşları onun sadəcə başından qəlpə yarası aldığını deyirlər. Sonradan iz itirildiyinə görə tapa bilmədik. Sən demə, onu Goranboyda naməlum əsgər kimi dəfn ediblər. Torpaqlarımız işğaldan azad edildikdən sonra qardaşımızdan xəbər alacağımıza ümidləndik. Şükürlər olsun ki, uzun illərdən sonra qardaşımızdan xəbər ala bildik. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bizə zəng etdilər, DNT analizi aparıldı və naməlum əsgərin qardaşımız Atakişi olduğu məlum oldu. 33 ildən sonra biz qardaşımızı adına layiq şəkildə dəfn etdik”.

Şəhidin bacısı Şəlalə Atayeva isə qardaşının çox məharətli, bacarıqlı olduğunu, təhsil aldığı, işlədiyi dövrlərdə onun yalnız xoş sədalarını eşitdiklərini bildirib. “Atakişi çox mehriban, mərhəmətli, hər kəsə yardım əli uzadan bir insan idi. Ermənilərin ölkəmizə qarşı hərbi təcavüzü başlayanda dedi ki, mən evdə otura bilmərəm. Ana-bacılarımızın qeyrətini çəkmək bizim borcumuzdur. Bütün şəhidlər kimi onun da ruhunda paklıq, simasında nur var idi.

Anamız onun yolunu 22 il gözlədi. On bir əvvəl dünyasını dəyişəndə dedi ki, oğlumun yanına gedirəm. Atakişinin nəşinin tapılma xəbəri gələndə elə birinci anamızın məzarı üzərinə gedib ona xəbər verdik. Artıq ziyarət etməyə bir məzarımız, dərdləşməyə bir məkanımız var”, – deyə Şəlalə Atayeva bildirib.

Baş leytenant: Mən əmimlə fəxr edirəm

Əmisi şəhid olanda yaşının az olduğunu qeyd edən Daxili Qoşunların Hərbi İnstitutunda tağım komandiri, baş leytenant Elşən Atayev deyib: “Əmimi yaxşı xatırlamasam da, yaddaşımda qalanlar və ailə üzvlərimin danışdıqları əsasında hər zaman onu xəyallarımda canlandırmağa çalışmışam. Mən əmimlə fəxr edirəm. Qalib Ordunun hərbçisi olaraq bu gün Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından birinin fotosunu daşımaq böyük qürurdur”.

Şəhidin həyat yoldaşı Gülnarə Atayeva isə Atakişi Atayevin nəşinin qalıqlarının tapılması xəbərinin onu həyəcanlandırdığını deyib. “O, çox yaxşı insan idi. Müharibə başlayanda tez-tez cəbhəyə getməli olduğunu deyirdi. Onun bir sözü vardı: düşmənin evimizin içinə kimi gəlməsini gözləməməliyik. Atakişi şəhid olanda qızımız 8 aylıq idi. Ondan mənə yeganə yadigar olan qızımız da illər əvvəl 16 yaşında dünyasını dəyişdi. İndi onlar haqq dünyasında qovuşublar”, – deyə G.Atakişiyeva qeyd edib.