Bu təşəbbüslər Azərbaycanı bərpaolunan enerjinin inkişafı və ixracında lider mövqeyə yüksəltməklə yanaşı, genişmiqyaslı ötürmə, uzaq potensial enerji mənbələrinin istehlak mərkəzləri ilə əlaqələndirilməsi, enerji təchizatı ilə tələbat arasında tarazlığın təmin edilməsi və böyük həcmdə yaşıl enerji güclərinin şəbəkəyə inteqrasiyası ilə qlobal miqyasda təmiz enerjinin inkişafını sürətləndirmək üçün unikal imkanlar yaradır. COP29 bütün ölkələri bu öhdəliklərə qoşulmağa, enerji keçidimizi və iqlim fəaliyyətimizi gücləndirmək və dünyamız üçün dayanıqlı bir gələcək qurmaq naminə birliyə çağırır.
Bunu energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, COP29 Azərbaycanın yaşıl enerji keçidinə sadiqliyini əks etdirən əlamətdar uğurlarla müşayiət olundu: “Yaşıl enerji zonası – Şərqi Zəngəzurda bp şirkəti ilə ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsi olan 240 MVt gücündə stansiyanın təməlini qoyduq. “Xəzər-Avropa yaşıl enerji dəhlizi” üzrə nazirlərin 9-cu iclasını keçirdik və layihənin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələri ilə tanış olduq. Eyni zamanda, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş imzalandı, Səudiyyə Ərəbistanının bu üçtərəfli layihəyə mühüm tərəfdaş kimi qoşulmasını təmin edən sənədlər qəbul olundu. Bundan əlavə, Çinin 6 şirkəti ilə 6 müqavilə imzalandı, Azərbaycan öz hidrogen strategiyasını elan etdi və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə Paris Sazişi kontekstində enerji planlaşdırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzaladıq. Bu gün İƏT Təmiz Enerji Mərkəzinin açılışını edəcəyik. Sabah isə 760 MVt gücündə iki Günəş elektrik stansiyasının maliyyələşdirilməsi ilə bağlı yekun qərar veriləcək. Noyabrın 21-də 100 MVt gücündə Günəş elektrik stansiyası üzrə ilk hərracın nəticələri elan ediləcək.
Bütün bunlar Azərbaycanın enerji sahəsindəki əzmkarlığını və yaşıl gələcək naminə qlobal həmrəyliyə sadiqliyini nümayiş etdirir. COP29 təşəbbüsləri, yalnız ölkəmizin deyil, bütün dünyanın dayanıqlı enerji gələcəyinə töhfə verməyə yönəlmiş əhəmiyyətli addımlardır. Bu yolda bizə qoşulan hər kəsə dərin təşəkkürümüzü bildiririk”.