Bunu Turan Azərbaycan.com-a açıqlamasında azərbaycanlı millət vəkili Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin də siyasətində, eyni zamanda, türk dövlətləri ilə bağlı münasibətlərində onun da bu məsələdə mütləq sürətdə strategiya qurduğu hiss olunurdu: “Lakin ömür vəfa etmədi. Buna baxmayaraq, Ulu Öndərin arzusunu, eyni zamanda, əsl Turan ideyası daşıyıcılarının da məqsədlərini Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə dövlətinin başçısı Rəcəb Tayyip Ərdoğan, həmçinin digər türk dövlətlərinin başçıları həyata keçirmək üçün çox vacib addımlar atmağa başladılar. Zaman-zaman bu təşkilatın formalaşması, inkişafı və özünü bariz şəkildə göstərməyə başladı. Tarix boyu Turan ideyası və sözündən həm yaxınlıqda olan qonşu dövlətlər, eyni zamanda, kifayət qədər uzaq da yerləşən imperiyalar çəkiniblər. Ermənistanın da bu ərazidə bir dövlət kimi yaradılması həmin məkrli məqsədlərin tərkib hissəsidir”.
V.İskəndərov vurğulayıb ki, biz artıq qürurla təşkilatın inkişafından danışa bilir, onun parlament səviyyəsində inkişaf etdiyini görürük: “Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ideyasının reallaşması artıq konkret bu dövlətlərin quru yolla birləşməsi anlamına gələcək. Bu, meqa layihədir. Uzaq Çindən başlayan həmin yol Avropanı, Asiyanı özündə birləşdirir. Həmçinin bu dəhliz dünyada xüsusi bir çəkiyə malik olacaq. Burda həm siyasi, həm də ticari-iqtisadi, mədəni əlaqələr sürətlə inkişaf edəcək. Bu konteksdən baxsaq, Türk birliyinin qurulması Azərbaycan üçün bütün mənalarda yüksək dividentlər vəd edir. Ölkəmizin iqtisadi potensialına çox böyük qatqı verəcək, Azərbaycan və Türkiyənin birgə uğurlu siyasətinin və fəaliyyətinin effekti artacaq. Bu da xalqın həm iqtisadi durumuna, həm siyasi gücünün artmasına çox müsbət impulslar verəcək. Buna görə də Turan birliyinin qurulmasının ölkəmizə və birlikdəki hər bir ölkəyə çox böyük faydası olacaq. Əsasən də həmin birlik dünyaya sülhü, əmin-amanlığı, dostluğu qarşılıqlı faydalı əməkdaşlığı vəd edir”.
Deputat: Türk birliyinin qurulması Azərbaycan üçün bütün mənalarda yüksək dividentlər vəd edir
“Böyük güclərin uzun illər boyu siyasəti yalnız Türk dünyasını parçalamaq olub”.
