O bildirib ki, Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, Zəngəzur qədim Azərbaycan torpağıdır. 1920-ci ildə bolşeviklər hakimiyyətə gəldikdən sonra qanunsuz olaraq Azərbaycan Demokratik Respublikasına aid olan torpaqları əlindən alaraq, Ermənistana hədiyyə etmişdir. Bu, tarixi ədalətsizlikdir və ədalət bərpa olunmalı, haqq öz yerini tutmalıdır. Ankaraya səfər çərçivəsində həmin məsələnin gündəmdə olması, onu göstərir ki, bu, Azərbaycanın haqq işidir. Beynəlxalq İnsan Hüquqları tərəfindən baxsaq, yüz minlərlə soydaşımızın öz dədə-baba yurduna qayıtması çox önəmli məsələdir. Ermənistanın ərazi iddiası olduqca əsassızdır. Zəngəzur Azərbaycanla Naxçıvanı birləşdirən kommunikasiya xətti və soydaşlarımızın dədə-baba yurduna qayıtması kimi nəzərdən keçirilməlidir. Ona görədə Ermənistanın manipulyasiya və möhtəkirliyi olduqca absurddur.
Ermənistanın baş naziri 2020-ci il 10 noyabr tarixində üçtərəfli bəyanatı imzalayarkən Azərbaycanın digər əraziləri və Naxçıvan bölgəsinin birləşməsinə razılıq verib. Ona görə də Zəngəzur və həmin dəhliz vasitəsilə Naxçıvana çıxış Türk dünyasının birləşməsi, kommunikasiya xəttinin açılması orta dəhlizin tərkib hissəsidir. Orta dəhliz Mərkəzi Asiyadan tutmuş, Zəngəzur dəhlizindən keçməklə Avropaya çıxan xətdir”.
Deputat vurğulayıb ki, burada bütün dövlətlərin marağı var: “Son zamanlar Hindistanın Ermənistanı silahlandırması və Cənubi Qafqaza daxil olma cəhdləri Zəngəzur dəhlizinə qarışmaq planının tərkib hissəsidir. Çünki Çin və Hindistan arasında strateji rəqabət var. Çin hazırda Orta dəhliz vasitəsilə mallarını Avropaya göndərmək niyyətindədir. Orta dəhlizin də ən önəmli hissəsi Zəngəzurdur. Hindistan isə Çinin bu layihəsini boğmaq üçün revanş addımlarını Ermənistan vasitəsilə atmağa çalışır. Hindistanın təklif etdiyi layihə Hind okeanından, İran vasitəsilə Ermənistana çıxmaq, oradan isə Qara dənizə çıxış təklifidir. Hindistanın təklifi Zəngəzur üçün çarpaz xətdir. Eyni zamanda, həmin layihə Hindistanın “Şimal-Cənub” layihəsinə də qoşulması deməkdir. Amma onlar unudurlar ki, bu layihədə önəmli ölkə Azərbaycandır. Şimal qütbündən Hind okeanına çıxış yalnız Azərbaycan vasitəsilə mümkündür. Bu məsələ Rusiya-Azərbaycan-İran liderləri arasında həll edilib və qərar verilib. Hansı prizmadan baxsaq, görərik ki, Zəngəzur dəhlizinin açılması hər kəsin maraq nöqtəsidir. Həmin layihə Rusiya, Çin, Aİ kimi güc mərkəzlərinin də maraq nöqtəsindədir. Onların heç biri bu layihəyə etiraz etməyib. Etiraz edən təkcə Ermənistan və onun havadarları olan Hindistan və Fransadır. Ermənistan günahı yalnız özündə axtarmalıdır. Əgər Ermənistan dəhlizin açılmasına razılıq versə, ən böyük qazanan özü olacaq, çünki oradan keçən ticari vasitələr Ermənistanın büdcəsinə də xeyirdir. Ona görə də dəhliz mütləq açılmalıdır”.
Deputat: Şimal qütbündən Hind okeanına çıxış yalnız Azərbaycan vasitəsilə mümkündür
“Prezident İlham Əliyevin Ankaraya səfəri və Zəngəzur məsələsinin gündəmdə olması çox önəmli mövzu kimi nəzərdən keçirilməlidir”.
Bunu Turanazerbaycan.com-a azərbaycanlı millət vəkili Tural Gəncəliyev deyib.
