Türkiyə ilə Azərbaycan arasında vizanın aradan qaldırılması hər iki tərəfi maraqlandıran məsələlərdən biridir. Biz Türkiyə ilə müəyyən məsələlərdə çox böyük yollar keçmişik. İki ölkə arasında ümumvətəndaş pasportları olmadan şəxsiyyət vəsiqələri ilə səyahət etmək mümkündür. Bu, çox yaxşı bir haldır. Viza rejiminin tamamilə ləğv edilməsi məsələsi hər iki tərəf arasında zaman-zaman qaldırılır və müzakirə olunur. Bu, əslində üzdə göründüyü kimi asan məsələ deyil. Onun həllinin gecikməsinə səbəb olan bəzi pərdəarxası nüanslar var.
Bunu VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərov Turan Azərbaycana müsahibəsində deyib.
Azərbaycanla Türkiyə arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq olduğunu deyən V.İskəndərov fikirlərinə belə davam edib: “Hazırda elə bir sahə yoxdur ki orada fikir ayrılığımız olsun. “Bir millət, iki dövlət” şüarı sadəcə sözdə deyil, əməli olaraq icra edilir. İki ölkə arasındakı viza məsələsinin həlli zamana bağlıdır. Bir çoxumuzun hələ də bilmədiyi, hər iki ölkədən asılı olmayan səbəblər də var. Həmçinin iqtisadi və siyasi məsələlər də var ki, bunlar həllini tapdıqca bu problem də aradan qalxacaq. Artıq Azərbaycan öz ərazisinə tam nəzarət edir. Azərbaycanın hər hansı bir ciddi problemi qalmayıb. Qardaş Türkiyə ilə münasibətlərimiz yüksələn xətlə davam edir. Türkiyənin əsas problemi ərazisində yaşayan, amma çıxmayan milyonlarla suriyalı, digər ölkə vətəndaşları, qaçaqlarla bağlıdır. Onların ölkədən çıxarılması zaman məsələsidir. Həmin şəxslərin araşdırılması, tapılması, ölkədən deportasiya edilməsi müəyyən müddət alacaq. Digər səbəb Türkiyənin ərazisində mövcud olan digər təhlükələrdir. Məsələn, Türkiyənin özünün terrorla bağlı bir çox qayğıları var, sərhədlərində problemlər mövcuddur. Türkiyə bunu həll etmək üçün addımlar atır. Son nəticədə hər iki ölkə vətəndaşlarının vizasız gediş-gəlişi, müddətsiz qalması məsələsi də həllini tapacaq. Əminəm ki müvafiq dövlət orqanları bunun üçün işləyirlər, amma yenə də qeyd edim ki, zamana bağlı məsələdir. Əminəm ki, çox da uzaq olmayan zamanda həmin məsələ ilə bağlı müsbət gedişatlar olacaq”.
“Turan Azərbaycan”la da bağlı fikirlərini bölüşən V.İskəndərov hazırda hər iki ölkənin başçıları – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bu birliyin formalaşması, inkişafı üçün hər şey etdiklərini bildirib: “Digər türk dövlətləri də bizim yanımızdadır. Bu birliyin qurulması üçün çox gərgin işlər gedir. Əsası Azərbaycanda Naxçıvanda qoyulan həmin təşkilat sözün əsl mənasında 300 milyona yaxın insanın təşkilat altında birləşməsidir. Digər ölkələr qurumlar, “TURAN” sözü gələndə narahat olmasınlar. Bu, yalnız pozitivlik və sülhü tərənnüm edir. Bizimlə işi olmayanla bizim də işim olmaz. Türkün ayağı dəyən yerdə tərəqqi, inkişaf, mədəniyyətin çiçəklənməsi var. Hazırda demokratiyadan, insan haqlarından danışan bəzi ölkələr bu günə qədər də həmin haqları pozmaqdadırlar. Bu, heç vaxt “TURAN” birliyinə aid olan ölkələrin siyasətinə daxil olmayıb. Ona görə də həmin ad altında hansısa kütləvi informasiya vasitəsinin olması çox gözəldir. Düşünürəm ki, bu, yalnız faydalı əməkdaşlığa töhfə verəcək, türk ölkələrində baş verən hadisələri operativ şəkildə işıqlandıracaq, zamanın nəbzini tutacaq və uzunömürlü olacaq. Həmçinin iki ölkə və digər türk dövlətləri arasında münasibətlərdə körpü rolunu oynayacaq”.