Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə təşkil olunan toplantıda Xəzəryanı ölkələrin – Azərbaycanın, İranın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın nümayəndələri, rəsmiləri, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iqlim dəyişmələri nəticəsində son illərdə Xəzər dənizinin səviyyəsində baş verən azalmalara diqqət çəkib, bu unikal ekosistemin qorunması üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb. Nazir müavini səviyyə dəyişikliklərinin hərtərəfli öyrənilməsi və uyğunlaşma tədbirlərinin hazırlanması üçün Xəzəryanı ölkələrin ekspertlərinin birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində UNEP-in icraçı direktoru İnger Andersen tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə UNEP-in birgə əməkdaşlığı əsasında hazırlanan “Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri” adlı hesabat təqdim olunub.
Dünya Bankının və Yaşıl İqlim Fondunun nümayəndələri də mövzu ilə bağlı təqdimatlarla müzakirələrdə iştirak ediblər.
Natiqlər çıxışlarında Xəzər dənizinin qarşılaşdığı ciddi ekoloji və humanitar böhranları, o cümlədən iqlim dəyişikliyinin mənfi təsirləri, biomüxtəlifliyin itirilməsi, torpaq deqradasiyası və çirklənmənin nəticələrindən bəhs ediblər. Bildirilib ki, qarşıdakı onilliklərdə Xəzərdə suyun səviyyəsinin enməsi ehtimalının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir. Həmin vəziyyət ekosistemləri məhv edə, əhalinin yaşayış yerlərini tərk etməsinə gətirib çıxara və iqtisadiyyatları təhdid edə bilər. Balıqçılığın azalması, suyun duzluluğunun artması və Xəzər suitisi kimi unikal növlərin təhlükə altında olması da vurğulanıb. Böhran təkcə ekoloji deyil, həm də humanitar xarakter daşıyır, dolanışıq və ərzaq təhlükəsizliyinə təsir edərək milyonlarla insanın gündəlik həyatına ciddi təsir göstərə bilər.
Tədbirin sonunda “Xəzəryanı dövlətlərin nazirlərinin və yüksəkvəzifəli şəxslərinin Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə” qəbul edilib.