Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

COP29-da müyəssərlik və inklüzivlik öhdəlikləri hansı formada təmin olunacaq?

“İnklüzivlik bərabər cəmiyyət, bərabər imkanlar və bərabər hüquqlar deməkdir. Prezident İlham Əliyevin tapşırığı ilə son illər ölkəmizdə inklüzivliklə bağlı bir çox işlər görülüb. Özüm 20 ildir ki, təkərli oturacaqdan istifadə edirəm. Azərbaycan COP29 tədbirində də inklüzivlik siyasətini ortaya qoyur. Tədbirə yüksək səviyyədə hazırlığı göstərən əlamətlərdən biri də məhz elə müyəssərlik və inklüzivlik kimi incə məqamlara toxunulmasıdır. Tədbirin müxtəlif dərəcədə əlilliyi olan şəxslərə əlçatanlığını təmin etmək üçün hazırlıq prosesində işlər görülməkdədir. Yeddi min nəfərə əlilliyin dərki, etiket, danışıq və davranış qaydaları ilə bağlı treninqlər, həmçinin spesifik təlimlər keçirilib. Əminəm ki, əldə edilən biliklər sonrakı dövrlərdə də öz müsbət nəticəsini verəcək”.

Bu fikirləri COP29 Əməliyyat Şirkətinin nümayəndəsi, SƏTƏM Departamentinin müyəssərlik sektorunun müdiri Kamal Məmmədov deyib.

“İnklüzivlik bərabər cəmiyyət, bərabər

Sektor müdirinin sözlərinə görə, Bakı Stadionunda tədbirin keçiriləcəyi 49 hektar ərazidə hər bir detalda müyəssərlik nəzərə alınıb. “İclas otaqları, yeməkxanalar və ticarət məntəqələrində müyəssərlik təmin ediləcək. Müyəssərlik üzrə dəstək masası qeydiyyat sahəsinin yaxınlığında yerləşəcək və orada məkanın müyəssərlik üçün müvafiq təlimat kitabçası olacaq. Plenar iclaslar zamanı, eləcə də müraciət əsasında digər görüşlərdə iştirakçılar üçün yerində və canlı yayım formatında işarət dili üzrə şifahi tərcümə xidmətləri təmin olunacaq. Təkərli oturacaqlara texniki qulluq xidməti və enerjidoldurma məntəqələri təşkil ediləcək. Beynəlxalq standartlara uyğun panduslar quraşdırılacaq. Brayl əlifbası ilə hazırlanmış taktil xəritələr və məlumat kitabçaları, müyəssər zolaq və lövhələr mövcud olacaq.

COP29 işçi heyəti, könüllülər, podratçılar arasında müxtəlif dərəcədə əlilliyi olan insanlar var. Təkərli oturacaqlara texniki qulluq xidməti məhz elə əlilliyi olan insanlar tərəfindən aparılacaq. Bakı Stadionunda qapı yanındakı lövhələrə brayl əlifbası ilə stikerləri Azərbaycanda yaşayan görmə məhdudiyyətli insanlar çap ediblər. Yaxın zamanlarda görmə məhdudiyyətli şəxslərin iştirakı ilə Mavi Zonada 427, Yaşıl Zonada isə 99 ədəd stikerin yapışdırılması prosesi olacaq”, – deyə COP29 Əməliyyat Şirkətinin nümayəndəsi əlavə edib.

K.Məmmədov bildirib ki, qeyri-vizual məhdudiyyətli, yəni eşitmə və nitq məhdudiyyətli, autizm və digər neyroinkişafa malik olan şəxslər üçün xüsusi beynəlxalq simvol olan günəbaxan lentləri hazırlanıb. Onlar cəmiyyət içində olanda, məkana gələndə, hava limanında həmin lentlərdən istifadə edə bilərlər. Təlim keçənlər günəbaxan lentinin mənasını bildiklərindən həmin şəxslərə uyğun davranış sərgiləyəcəklər.

Bundan əlavə, nəqliyyat – metro, avtobus və taksilər də həmin qəbildən olan şəxslər üçün əlçatan olacaq. Həmçinin COP29 veb-saytında xüsusi funksiya var ki, görmə məhdudiyyətli insanlar onun vasitəsilə xəbərləri səsli formada dinləyə biləcəklər.