Yer kürəsinin qlobal probleminə Cənubi Qafqazdan baxış
Təbii ki, bəşəriyyəti təhdid edən qlobal iqlim dəyişikliyi ilə mübarizədən qalib ayrılmaq tək bir ölkənin bacaracağı, nailiyyət əldə edə biləcəyi iş deyil. Bunun üçün bütün ölkələrin həmrəyliyi və üzərlərinə düşən öhdəliyi yerinə yetirmələri olduqca vacibdir. Bu məqamda xüsusilə qeyd etmək lazımdır ki, BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları (COP) böyük əhəmiyyət daşıyır. Hər il dünya ölkələri bir araya gələrək planetdə canlı aləmi təhdid edən bəlaya qarşı effektiv mübarizə üçün müzakirələr aparır, təkliflər irəli sürür, öhdəliklər müəyyən edirlər. Hər il bir ölkədə keçirilən COP tədbirlərinə bu il Azərbaycan ev sahibliyi edəcək. Sayca 29-cu sessiyanın keçiriləcəyi Bakı şəhəri təxminən iki həftə ərzində iqlim dəyişikliyi ilə mübarizədə həmrəylik üçün mühüm platforma rolunu oynayacaq.
Azərbaycan Texniki Universitetinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri Ramiz Kəlbiyev bildirib ki, qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişmələrinin fəsadları ilə üzləşən Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi heç də təsadüfi deyil. Belə ki, ölkəmiz dünya düzəninə müsbət toxunuşlar etməyə cəhd edən, ekoloji prosesləri müsbətə doğru dəyişməyə çalışan azsaylı ölkələr sırasındadır. Ölkəmiz metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib. Həmçinin Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə COP29 beynəlxalq tədbirinə verilən dəyərin, o cümlədən yaşıl və sağlam gələcək naminə atılan addımların bariz nümunəsidir.
Əsas hədəf: Qlobal temperatur 2100-cü ilədək 2ºC altında saxlanılmalıdır
İqlim dəyişikliyinin qlobal temperaturun artmasına, buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına, anomal hava şəraitlərinə və bioloji müxtəlifliyin azalmasına səbəb olduğunu deyən Ramiz Kəlbiyev fikirlərinə belə davam edib: “İqlim dəyişikliyi, eyni zamanda, qlobal ərzaq təhlükəsizliyini təhdid edir və su resurslarının azalmasına gətirib çıxarır. Əgər həmin proses nəzarətsiz qalarsa, bəşəriyyətin və Yer kürəsinin gələcəyi üçün fəlakətli nəticələr qaçılmaz olacaq”.
Onun sözlərinə görə, 2015-ci ildə qəbul edilən Paris İqlim Sazişi iqlim dəyişikliyinə qarşı qlobal mübarizənin əsas hüquqi çərçivəsini təşkil edir. Sazişin əsas məqsədi, qlobal istiləşmənin sənayedən əvvəlki səviyyədən 2ºC-dən çox artmasının qarşısını almaq və həmin artımı 1,5°C ilə məhdudlaşdırmaqdır. Bunun üçün ölkələr öz milli iqlim planlarını (Nationally Determined Contributions – NDCs) hazırlayır və həmin planlar çərçivəsində istixana qazı emissiyalarını azaltmaq, enerji səmərəliliyini artırmaq, bərpaolunan enerji mənbələrinə (BOEM) keçid etmək və meşəlik əraziləri qorumaq üzrə öhdəliklər götürürlər. Ölkəmizdə BOEM istifadə olunmaqla nəhəng layihələr həyata keçirilir.
Paris İqlim Sazişi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında məsuliyyətin bölüşdürülməsi məsələsinə xüsusi diqqət yetirir. Saziş hər bir ölkənin iqlim dəyişikliyinə töhfəsini və onu azaltmaq üçün fərqli imkanlarını nəzərə alaraq ədalətli keçidin təmin edilməsini tələb edir. İnkişaf etmiş ölkələr, maliyyə və texnologiya sahələrində inkişaf etməkdə olan ölkələrə dəstək verməyi öhdəlik kimi qəbul ediblər.
Mütəxəssis qeyd edib ki, Sazişin uğurla həyata keçirilməsi üçün bir neçə əsas strategiya var. İlk növbədə, istixana qazı emissiyalarının azaldılması və karbon neytrallığının təmin edilməsi prioritetdir. Bununla yanaşı, bərpa olunan enerji mənbələrinin istifadəsinin artırılması və enerji səmərəliliyinin təkmilləşdirilməsi vacibdir. Eyni zamanda, karbon tutulması və saxlanması (CCS) texnologiyalarının inkişaf etdirilməsi, meşəlik ərazilərin qorunması və yenidən meşələndirilməsi tədbirləri də mühüm rol oynayır.
Qısacası, 2100-cü ilədək qlobal temperaturun 2ºC altında saxlanılması, iqlim dəyişikliyi ilə mübarizədə dünya ictimaiyyətinin əsas hədəfidir. Paris İqlim Sazişi, həmin məqsədin reallaşdırılması üçün qlobal səviyyədə ortaq fəaliyyətlərin həyata keçirilməsini təmin edir. İqlim dəyişikliyi ilə mübarizədə uğur qazanılması, yalnız həmin strategiyaların effektiv şəkildə həyata keçirilməsi və bütün ölkələrin ədalətli və bərabər şəkildə məsuliyyət götürməsi ilə mümkün olacaq. Həmin məqsədə çatdıqda bəşəriyyət daha sağlam, davamlı və təhlükəsiz bir gələcək qura biləcək. Respublikamız da həmin sahədə böyük irəliləyiş əldə edib. Günəş, külək enerjisi sahəsindəki layihələrin həyata keçirilməsi bunun bariz nümunəsidir.
Məqsədə çatmaq üçün beynəlxalq əməkdaşlıq, texnoloji inkişaf və sosial dəyişikliklər lazımdır
ADA Universitetinin müəllimi, yaşıl enerji üzrə ekspert Orxan Kərimzadə də mövzu ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, iqlim dəyişikliyi mövzusunda qlobal temperaturun 2100-cü ilə qədər 2ºC altında saxlanılması insanlığın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Paris İqlim Sazişi ilə razılaşdırılan həmin hədəf, dünyadakı bütün ölkələrin diqqət mərkəzindədir. Hədəfə nail olmaq üçün qlobal səviyyədə fəaliyyətlər intensivləşdirilməli və hökumətlər, korporasiyalar, qeyri-hökumət təşkilatları ilə yanaşı, fərdi vətəndaşlar da həmin prosesi dəstəkləməlidir. Ancaq həmin hədəfin niyə vacib olduğunu və sadə vətəndaşların həyatına necə təsir göstərə biləcəyini aydınlaşdırmaq çox mühümdür.
Həmsöhbətimiz qeyd edib ki, bəzi insanlar üçün iqlim dəyişikliyi abstrakt problem kimi görünə bilər. Bununla belə, 2ºC hədəfinin niyə bu qədər əhəmiyyətli olduğunu başa düşmək, həm fərdi, həm də kollektiv səviyyədə daha çox addım atmağa ilham verə bilər. Qlobal temperatur 2ºC-dən yuxarı qalxarsa, ekstremal hava hadisələri, o cümlədən daşqınlar, quraqlıqlar, məhsul itkisi və digər ciddi iqlim problemləri də artacaq. Bu, yalnız ekosistemlər üçün deyil, həm də iqtisadiyyat üçün böyük təhdidlər yaradacaq. Su ehtiyatları tükənə, qida təhlükəsizliyi pozula, bir çox regionlarda isə məcburi köçkünlük halları arta bilər. Həmin problemlərin qarşısını almaq üçün qlobal temperaturun 2ºC altında saxlanılması məqsədi strateji və vacib addımdır.
Bu istiqamətdə sadə vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi çox vacibdir. İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün hər bir insanın rolu olduğunu vurğulamaq, onlara enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, tullantıların azaldılması və təkrar emal kimi gündəlik fəaliyyətlərdə iştirak etməyin əhəmiyyətini izah etmək lazımdır. Bununla yanaşı, iqlim dəyişikliyinə uyğunlaşmaq və davamlılıq yaratmaq üçün milli səviyyədə strategiyalar hazırlanmalı, enerji sektorunda təmiz texnologiyaların istifadəsi genişləndirilməli və istixana qazı emissiyalarının balansını təmin etmək üçün daha effektiv tədbirlər görülməlidir.
“İqlim dəyişikliyinin təsirlərinə qarşı davamlılığı yaratmaq, yalnız hökumətlər və böyük təşkilatların üzərinə düşən bir məsuliyyət deyil”, – deyən Orxan Kərimzadə onu da əlavə edib ki, bu, cəmiyyətin hər bir fərdinin dəstəkləyəcəyi kollektiv səydir. Qlobal istiləşməni 2ºC altında saxlamaq üçün beynəlxalq əməkdaşlıq, texnoloji inkişaf və sosial dəyişikliklər lazımdır. Bu hədəfin əhəmiyyətini başa düşmək və sadə vətəndaşların gündəlik həyatlarında həmin məqsədlərə uyğun hərəkət etmələri uzunmüddətli olaraq iqlim dəyişikliyi ilə mübarizədə qələbə qazanmağın açarıdır.
Kiçik addımlarla böyük nəticələrə səbəb ola bilərik
Göründüyü kimi, qlobal temperaturun 2ºC yuxarı qalxması ətraf mühitin bütün komponentlərinə mənfi təsir göstərəcək ki, bu da planetdə canlı aləmin mövcudluğunu təhlükə altında qoyacaq. Odur ki, cəmiyyət olaraq, fərd olaraq ən kiçik addımlarla böyük nəticələrə, müsbət dəyişiklərə səbəb ola bilərik. Bakının ev sahibliyi edəcəyi COP29 tədbiri də məhz hər birimizin dünyamız üçün ata biləcəyi addımları önə çıxarmaq və birgə mübarizəmizin qələbəsini aşılamaq məqsədi daşıyır. Sevindirici haldır ki, bir neçə aydan sonra hər kəs problemlərə Azərbaycanın gözü ilə baxacaq, proqnozlaşdırılan təhlükələrə qarşı mübarizədə planet sakinlərinə ölkəmizdən çağırışlar ediləcək. Odur ki, bu il nəhəng ölkələrin, dünya ictimaiyyətinin Yer kürəsini gələcək bəlalardan xilas etməsi üçün Azərbaycanı mərkəz seçməsi hər birimizin məsuliyyətini daha da artırır.