Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk tədris gününün başlamasına həsr edilən tədbir keçirilib.

Cəbrayıl şəhər Mehdi Mehdizadə

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, millət vəkili Ceyhun Məmmədov və digər rəsmi şəxslər, məktəb kollektivi, Cəbrayıl şəhər sakinləri iştirak ediblər.

Tədbirdən öncə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qarabağda təhsil müəssisələrinin inşası, tədris prosesinin qısa zamanda bərpasını ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib. Məktəbin 23 nəfərdən ibarət pedaqoji heyətinin Cəbrayıl sakinlərindən ibarət olmasını sevindirici hal kimi qeyd edən nazir müavini iki il sonra 150 illiyi tamam olacaq sözügedən məktəbin şagirdlərinin ölkəmizin gələcək inkişafında aktiv iştirak edəcəklərinə əminliyini ifadə edib. Nazir müavini çıxışının sonunda şagird və müəllimlərə tədris nailiyyətləri arzulayıb.

Çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, bu gün artıq sıfırdan qurulan Cəbrayılda nəhəng infrastruktur layihələri həyata keçirilir: “Cəbrayılda 5 böyük müəssisə qurulub ki, orada minlərlə insan çalışacaq”.

Vahid Hacıyev Mehdi Mehdizadə adına tam orta məktəbin şagirdlərinin gələcəkdə həmin müəssisələrin mütəxəssisi olaraq çalışacaqlarına və Cəbrayılın inkişafına dəstək verəcəklərinə əminliyini ifadə edib. Sonda məktəb kollektivini təbrik edib və uğurlar arzulayıb.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Ceyhun Məmmədov da vaxtilə sözügedən məktəbdə təhsil aldığını diqqətə çatdırıb. İşğaldan azad edilən bölgələrin yenidən qurulması və dirçəlməsi üçün həyata keçirilən davamlı tədbirləri vurğulayan Ceyhun Məmmədov bu ərazilərdə müasir standartlara cavab verən təhsil müəssisələrinin inşasını qürurverici hal kimi qiymətləndirib.

Daha sonra məktəblilərin ifasında kompozisiya nümayiş olunub. Tədbirin rəsmi hissəsi bitdikdən sonra ilk zəng çalınıb və məktəbdə tədrisə start verilib. Məktəb binasına yaradılan şəraitə baxış keçirilib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, Qarabağda işğaldan əvvəl 993 məktəb fəaliyyət göstərib.

“İşğal dövründə isə onların biri də yararlı vəziyyətdə deyildi. Bizim Şanlı ordumuz 44 günlük Vətən müharibəsində bu torpaqları azad etdi. Bu günləri onlara borcluyuq. 44 günlük müharibədə iştirak edənlər arasında 760 təhsil işçisi var idi. Müharibə dövründə 10 şagirdimiz şəhid də olub. İstənilən ölkənin inkişafı onun təhsilli gənclərindən asılıdır. Ölkəmiz təhsilin inkişafına çox önəm verir. Bunun bariz nümunəsi Qarabağa tədrisin, təhsilin qayıtmasıdır. Cəbrayılda belə bir məktəbin açılışı həm tarixi, həm də ictimai-siyasi hadisədir”, – deyə nazir müavini qeyd edib.

Nazir müavini əlavə edib ki, məktəbin böyük bir tarixi var: “İki ildən sonra 150 illiyi tamam olacaq Cəbrayıl şəhər tam orta məktəbin akademik Mehdi Mehdizadənin adını daşıması da təsadüfi deyil. Bu onu göstərir ki, məktəbin xüsusi statusu var. Mehdi Mehdizadə təhsilşünaslıq elmi üzrə ilk akademikimizdir. Burada fəaliyyət göstərən 23 nəfər pedaqoji heyətin hamısının cəbrayıllı olması sevindirici haldır. Biz əminik ki, iki il sonra məktəbin 150 illiyi keçiriləndə burada minə yaxın şagird təhsil olacaq və onlar ölkəmizin gələcək inkişafında fəal iştirak edəcəklər”.

Qeyd edək ki, 960 şagird yerlik məktəbdə 2024-2025-ci tədris ilində təhsil alacaq 133 şagird və 16 nəfər məktəbəhazırlıq qrupu ilə 23 nəfərdən ibarət pedaqoji heyət çalışacaq. Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitlər ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.