Bunu Turanazerbaycan.com-a açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.
O bildirib ki, bir məsələ diqqətdən yayınmamalıdır: “Hər özünə mütəxəssis deyən, ekspert sayılmaz. Hər hansı elmi sahədə mütəxəssis kimi tanınmaq üçün gərək həmin sahənin mütəxəssisləri arasında məşhur olub sözünü demək bacarığına malik, məqbul sayılan olmaq lazımdır. O cümlədən, dini mövzularda da belədir. Dini mövzuların sosial şəbəkələrə, televiziya məkanlarına, efirlərə çıxarılması gözəl haldır, çünki xalqımız maariflənir. Lakin həmin efirlərin fonunda istənilən şəxsin din mütəxəssisi adı ilə efirə çıxarılıb xalqa təqdim olunması şüurlu və məqsədyönlü şəkildə xalqın dini biliyini azğınlığa düçar etməkdir. Efirlərdə bu gün biz görürük ki, dini doğru olmayan şəkildə təqdim edirlər. Dini yalnız “Qurani-Kərim”dən hesab edənlər meydana gəlib. Bu tamamilə absurd fikirdir. Din Quran və onu izah edən Peyğəmbər hədislərindən ibarətdir. Lakin bu gün hədislərin hamısını birmənalı şəkildə rədd edib, özlərinə sərf edən şəkildə İslamın yalnız Qurandan ibarət olduğunu iddia edənlər meydana çıxır. Aparıcılar hər hansı bir hökmlə əlaqədar olaraq sual verir ki, bu məlumat Quranda öz əksini tapıbmı?
Bu sualın özü o deməkdir ki, əgər Quranda yoxdursa, deməli İslamda da yoxdur. Halbuki bu, İslam dininə olduqca ziddir. Əgər kimsə mən müsəlmanam deyib sadəcə Qurani-Kərimi qəbul edirsə, yarımçıq müsəlman sayılır. Çünki hədislərdə bunu qəbul etmək şərtdir, bunun əksi də belədir.
Peyğəmbər vəfat edərkən iki məsələ barəsində vəsiyyət etdi və buyurdu: “Mən sizin aranızda iki ağır əmanət qoyuram. Əgər bu əmanətlərdən möhkəm yapışsanız, dini baxımdan azmazsınız. Bunlardan biri Quran, digəri Əhli-beytdir.”
Amma bu gün görürük ki, Quranı qəbul edirmiş kimi özlərini təqdim edənlər, Quranın tələbi olan “Əhli-Beyt” ardıcılı olmağı rədd edirlər. Onların islam dini haqqında danışmağa mənəvi haqqları yoxdur, onlar din mütəxəssisi sayılmır”.
Onun sözlərinə görə, bəzən Qurani-Kərimi təbliğ etmək adından istifadə edərək, Quranın tələblərini rədd edənlər var: “Məsələn, Qurani-Kərimdə deyilir: “Allaha, Peyğəmbərə itatət edin!”
Lakin bu şəxslər deyirlər ki, yalnız Qurana əsaslanıb, Allaha itaət edin. Amma Quranın tələbi olan Peyğəmbərə itaət edin sözünə diqqət yetirmirlər və diqqət yetirənləri cahil hesab edirlər. Bu kimi məsələlər efirlərdə aktualdır.
Sehr, cadu, fal kimi əməllərin həqiqət olub-olmaması bir kənara qalsın, bunların din adına ruhaniyə təbliğ edilməsi böyük məsuliyyət tələb edir.
Fiziki əşyaların oğrusu olmaq, əqidə oğrusu olmaqdan daha az cinayətdir. Əqidə oğrusu olanların cəzasını Allah verəcək”.