Bayram namazının qılınmasına Əjdərbəy məscidində saat 8.00-da, Təzəpir məscidində isə saat 9.00-da başlanılıb.
Bayram namazına Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da qatılıblar.
Namazın ardından dualar edilib, dünyamıza sülh, ölkəmizə əmin-amanlıq, xalqımıza firavanlıq arzulanıb. Allahdan Ordumuza güc-qüvvət, yaralılara şəfa, şəhidlərimizə rəhmət dilənib.
Qəhrəman oğullar sayəsində torpaqlarımızla yanaşı, məscidlərimiz də azadlığa qovuşdu
Təzəpir məscidində qılınan bayram namazında iştirak edən Seyid Əbülqasim İbrahimov Ramazan ayında insanların həm mənəvi, həm də fiziki cəhətdən gümrahlaşdığını deyib. Onun sözlərinə görə, Ramazan ayında insan Uca Yaradanla daha sıx təmasda olur, haqqa yaxın düşür, səmimi, ürəkdən edilən bütün dualar, hacətlər qəbul olunur.
“Sevindiricidir ki, bayram namazı Azərbaycanın bütün məscidlərdə qılınır. Namazlardan sonra edilən dualarda mütləq şəhidlər yad olunur. Çünki onların canı, qanı bahasına torpaqlarımızı qaytardıq, ərazi bütövlüyümüzə nail olduq. Xalqımız 30 il boyunca həmin cənnət guşələrimizə qovuşmaq arzusu ilə yaşadı. Həmd olsun Allaha ki, niyyətimiz hasil oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Zəfərə nail olduq. Qəhrəman oğullar sayəsində torpaqlarımızla yanaşı, məscidlərimiz də azadlığına qovuşdu və istənilən vaxt o ərazilərin sakini Allahın evində ibadət edə bilir.
On bir ayın sultanı olan Ramazan bayramı münasibətilə xalqımızı, İslam dünyasını təbrik edirəm. Hər kəsə ibadət, oruc nəsib olsun. Tutulan orucları Allah qəbul etsin. Hər kəsə can sağlığı, bərəkətli, imanlı ömür arzulayıram”, – deyə paytaxt sakini qeyd edib.
Hindistanlı qonaq: Bütün müsəlmanların həmrəy olmasını arzulayıram
Azərbaycanda Ramazan bayramının fərqli şəkildə qeyd olunduğunu deyən hindistanlı Naim Adil fikirlərinə belə davam edib: “Bu qədər müsəlmanın namaz qılmaq üçün bir araya gəldiyini görmək çox xoşdur. Arzu edirəm ki, insanlar daha çox dinə və namaza gəlsinlər, imanlarını kamilləşdirsinlər. İnsanların dünyamızda sülhün bərqərar olması, Qəzza və Fələstin üçün dua etməsini görmək istərdim.
Mən arzu edirəm ki, bütün müsəlmanlar həmrəy olsun, müsəlman ölkələri, müsəlman qardaş və bacılar bir-birini qorusun və dəstəkləsin”.