COP29 tədbirinin keçirildiyi Mavi və Yaşıl zonalarda yerli və xarici iştirakçıların fikirlərini öyrəndik.
Qarayaxma kampaniyalarına qarşı ideal cavab: ən yüksək səviyyədə təşkilatçılıq və uğurlu ev sahibliyi
“EMEDIA Group” Media Təşkilatının sədri Elşən Əliyevin sözlərinə görə, ölkəmiz hər zaman sülh, əmin-amanlıq, humanistlik niyyətini dünyaya bəyan edib. COP29 tədbiri də Azərbaycanın öz ənənələrinə sadiqliyinin növbəti nümunəsidir: “Biz dinindən, dilindən, milliyyətindən, irqindən asılı olmayaraq bütün planet sakinlərinin ədalətli şərtlər altında yaşamasının, iqlim dəyişikliyinin təsir və nəticələrinin aradan qaldırılması üçün az inkişaf etmiş ölkələrə yardım əli uzadılmasının tərəfdarıyıq. İstər COP29-dan əvvəl, istərsə də konfrans dövründə qarayaxma kampaniyaları aparılsa da, əleyhimizə fikirlər səsləndirilsə də, biz onları ən yüksək səviyyədə təşkilatçılıq və uğurlu ev sahibliyi ilə susdurduq. İki həftə ərzində doğma Bakımız dünyanın ümid mərkəzinə çevrildi, bəşəriyyəti narahat edən problemlərə küləklər şəhərində həll yolları axtarıldı. Hamılıqla səfərbər olaraq daha bir çətin və məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gəldiyimiz üçün çox qürurluyam”.
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva COP29 çərçivəsində ən möhtəşəm hadisənin Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında sənədlərin imzalanması olduğunu deyib: “Düşünürəm ki, COP29 çərçivəsində TDT ölkələrinin imzaladığı sənədlər gələcəkdə real nəticələrə gətirib çıxaracaq. Hətta Azərbaycan və Türkiyənin ekosistemlə bağlı apardığı işlər gələcəkdə digər dövlətlər tərəfindən də öyrənilə bilər. Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilən Türk Dövlətləri Təşkilatının İqlimə Dayanıqlı Ağıllı Kəndlər üzrə Nazirlər Sessiyasında İqlimə Davamlı Kəndlər Forumu yaradıldı. Bu, olduqca önəmli hadisədir. Biz işğaldan azad olunan Zəngilanda, Ağalı kəndində “Ağıllı kənd” layihəsini reallaşdırmışıq. Bu, dünya iqlim təşkilatlarının həsəd aparacağı bir layihədir.
Fəxrlə deyə bilərik ki, TDT-yə daxil olan ölkələrin QHT-ləri COP29 çərçivəsində həyata keçirilən proseslərdə fəal iştirak etdilər. Ətraf mühitin qorunması istiqamətində qanunverici çərçivənin yaradılması vacib idi. Bu forumun yaradılması bir daha təsdiq edir ki, qlobal iqlim çağırışlarının həllində hər bir kəsin iştirakı lazımdır. Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsi Türk dünyası üçün də önəmli idi”.
COP29-un azyaşlı ziyarətçiləri arasında olan Tanzaniyadan gələn Corcina Benedikt Maqesa uşaqların ətraf mühit məsələlərinin həllinə töhfə verə biləcəyini deyib. Onun sözlərinə görə, vacib qərarların qəbulunda planetin 18 yaşadək sakinlərinin iti ağıllarının məhsullarından, düşüncələrindən yararlanmaq hər kəs üçün faydalı ola bilər: “Uşaqlar COP29 tədbirinin nəticələri barədə məlumatlı olmalı, Braziliyada keçiriləcək COP30-u qaçırmamalıdırlar. Çünki növbəti COP tədbirinin mövzusu uşaqlar üçün olacaq”.
“Xəzər dənizinin sahilində yerləşən Azərbaycan çox gözəl, səmimi və mehriban əhalisi olan ölkədir. İndiyə kimi üç kitabım çapdan çıxıb. Tanzaniyaya qayıdan kimi Azərbaycan haqqında kitab yazmağı düşünürəm”, – deyə C.B.Maqesa fikirlərinə yekun vurub.
İlk dəfə COP tədbirində iştirak edən “Haber Global”ın müxbiri Murat Karataş COP29-un təşkilatçılığından məmnunluğunu ifadə edib: “Xüsusilə media nümayəndələri üçün yaradılan şərait çox yaxşı idi. Media mərkəzi bizim ehtiyaclarımızı ödəmək imkanına malik idi. COP29 məkanına gəlmək üçün xüsusi nəqliyyat ayrılması təqdirəlayiqdir”.
Murat Karataşın sözlərinə görə, ölkələr ən qısa zamanda sıfır emissiyaya doğru hərəkət etməlidir: “Türkiyə 2053-cü ilə qədər sıfır emissiya hədəfinə nail olmağı bəyan edib. Ümid edir və inanırıq ki, Türkiyənin müəyyən etdiyi yol xəritəsi reallaşacaq və ən qısa zamanda sıfır emissiyaya keçəcəyik. Türkiyə inkişaf etməkdə olan ölkədir. İnkişaf etmiş ölkələr də bununla ayaqlaşmalıdır.
Əgər ümidimizi kəsib yerində dayansaq, dünya çirklənməkdə davam edəcək, odur ki, çalışmaq lazımdır.
Hazırda Azərbaycanın ən böyük hədəfi Qarabağı bərpa etməkdir. Qarabağ sıfır emissiya hədəfi ilə yenidən qurulur. Əslində, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində öz üzərinə düşəni edir. Mən Zəngilan rayonunun Ağalı kəndinə səfər etmişəm. Çox gözəl yerdir. Yaşıl enerji siyasəti Qarabağda həyata keçirilir. Belə bir sual yaranır: Qarabağ kifayətdirmi? Əlbəttə yox. Təbii ki, bütün Azərbaycan yaşıl enerjiyə, sıfır emissiyaya keçəcək. Ancaq bu, uzun müddət çəkəcək. Türkiyə də 2053-cü ilə qədər öz hədəfinə nail olmağı qarşısına qoyub. Bunlar çox uzunmüddətli hədəflər olsa da əsas odur ki, həyata keçsin. Zənnimcə, sıfır emissiyaya keçidə Qarabağdan başlayan Azərbaycan bunu zamanla ölkənin hər yerində tətbiq edəcək”.
Biz bu il “Yaşıl dünya naminə həmrəylik ili” çağırışı ilə yola çıxdıq. Bəli, adından göründüyü kimi yaşıl ölkə deyil, yaşıl dünya naminə… Məhz COP29-da da əsas hədəfimiz iqlim dəyişmələri və onun təsirlərinə qarşı həmrəy olmaq idi. Ekoloji problemlərin sərhəd tanımadığı, bəzən bizim üçün lokal görünən, əslində isə ölkələr gəzərək qlobal miqyasa çata biləcək məsələlərin həllinə yalnız birlik olaraq nail ola bilərik. İlboyu dünya pəncərəsini açaraq hər kəsə yaşıl niyyətlə səsləndik. Səsimizə okeanın ta o biri tayından da səs verən oldu…
Bakı öz missiyasını uğurla tamamladı…
GÖYÇEK MAHMUDLU