Sərgidə qurama sənətini təbliğ edən ustad dərsləri keçirilib, turistlərə Azərbaycanın öz milli quramasının tikilmə qaydası göstərilib.
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən Qurama Mərkəzinin ustası Afaq Cəlilova bildirib ki, bu sənət növü qədim tarixi köklərə və ənənələrə bağlıdır.
Onun sözlərinə görə, qurama sıfır tullantı və dayanıqlılıq prinsiplərini özündə əks etdirən ekoloji təmiz məhsuldur.
“Bu sənət xalqımızın əsrlər boyu yaratdığı mədəni irs nümunəsi olaraq fərqli parça qalıqlarından rəng uyğunluğuna və materialına görə seçilir. Nəticə etibarilə tullantılar minimum səviyyəyə enir. Tullantı hesab olunan parça qalıqlarının bir araya gətirilməsi resurslardan qənaətli istifadə təfəkkürünü gücləndirir. Bu sənət sayəsində əşyalara təkrar istifadə yanaşması formalaşır”, – deyə o əlavə edib.
Quramanın insanlara yaradıcılığı aşılamaq funksiyası ötürdüyünü də diqqətə çatdıran A.Cəlilova deyib: “Bu sənət sayəsində biz “tullantıdan təkrar istifadəyə” yanaşmasını gündəlik həyatımızda tətbiq edir və ətraf mühitin qorunmasına öz töhfəmizi veririk”.