Heydər Əliyev Mərkəzində keçirilən konfransın ikinci günündə iqlim və inkişafa dair nazirlər səviyyəsində iclasda çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim fəaliyyətinə uyğunlaşmanın vacibliyinin göz önündə olduğunu diqqətə çatdırıb. “Qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmağı bacarsaq belə, hələ də bütün dünyada iqlim dəyişmələrinin ciddi təsirləri davam edir”, – deyə o bildirib.
O qeyd edib ki, cari ilin əvvəlində Tonqada Sakit Okean Adaları Forumunda kiçik adaların və inkişaf etməkdə olan dövlətlərin üzləşdiyi problemin miqyası müzakirə edilib.
“Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarına görə, Sub-Sahara Afrikasında bu onillikdə adaptasiya xərclərinin ildə 50 milyard dollara qədər olduğu təxmin edilir.
Bununla belə, uyğunlaşmanın maliyyələşdirilməsi və həyata keçirilməsində hələ də aydın boşluqlar mövcuddur”, – deyə nazir bildirib.
M.Babayevin sözlərinə görə, COP29 Sədrliyinin bu il ambisiyaları artırmaq planı var: “Həmin plan Paris Sazişinin bütün şərtləri üzrə kritik irəliləyişləri təmin edəcək”.
O qeyd edib ki, istiləşməni məhdudlaşdırmaq və iqlim dəyişikliyinin təsirlərini idarə etmək üçün iqlim planlarında ambisiyaları gücləndirmək lazımdır: “Biz bütün tərəfləri 2025-ci ilə qədər Milli Uyğunlaşma Planları yaratmağa çağırırıq”.
Vanuatunun iqlim dəyişmələri naziri Con Salong isə videomüraciətində Pre-COP29-da aparılan müzakirələrin inkişaf etməkdə olan kiçik ada dövlətləri və ən az inkişaf etmiş dövlətlər üçün uyğunlaşmanın sürətləndirilməsi baxımından mühüm bir addım olduğunu vurğulayıb: “Bizim seçim şansımız yoxdur və həyatda qalmağımız üçün uyğunlaşma zəruridir”.
O qeyd edib ki, Vanuatu təhlükə altındadır: “Həmin təhlükə raketlərə və ya hərbi təcavüzə görə deyil, bəşəriyyəti və planeti öldürən qalıq yanacaqlardan ayrıla bilməməsi səbəbindən baş verir.
2025-ci ilə qədər uyğunlaşma maliyyəsini ikiqat artırmaq vədi zəruri olsa da, qlobal miqyasda illik 536 milyard maliyyə hədəfinə çatmaq üçün bütün səyləri təcili şəkildə cəlb etmək lazımdır”.
COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim problemlərinin həlli istiqamətində qarşıya çıxan çətinliklərin sadəcə texniki deyil, eyni zamanda, siyasi və maliyyə problemləri olduğunu vurğulayıb.
O qeyd edib ki, problemlər maliyyə miqyasına salınmalıdır və sadələşdirilməlidir: “Bu, mücərrəd məqsəd deyil. Həmçinin bir çox xalqların yaşaması üçün zərurətdir. Biz maliyyənin daha sürətli, icmalara birbaşa çatan, proqnozlaşdırılabilən bağlantısını təmin etməliyik. Öhdəlikləri ən çox ehtiyac duyulan yerlərə çatdıracaq maddi hərəkətlərə çevirməyin vaxtıdır”.
“Dayanıqlı və davamlı gələcəyin gücləndirilməsi: iqlim fəaliyyətində insan inkişafının rolu” mövzusunda tədbirdə COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai vurğulayıb ki, iqlim dəyişmələrinin bəşəriyyətin üzləşdiyi ən böyük problem olduğunu hər kəs qəbul etməlidir. “Problemin həlli istiqamətində sadəcə yaşıl bacarıqlar zəruri deyil, eyni zamanda, süni intellektdən istifadə olduqca önəmlidir”, – deyə Nigar Arpadarai bildirib.
O qeyd edib ki, özəl sektor iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayır: “Siyasət, iqtisadiyyat, biznes kimi bir çox sahədə uğur qazana biləcək yeni nəsil formalaşdırmalıyıq. Bizə lazım olacaq yeni bacarıqlara ehtiyacımız var. Uşaqlar və gənclər üçün yeni pilot savadlılıq proqramları və ya yeni davamlılıq təcrübələri əsasdır”.
“BƏƏ Konsensusunun enerji nəticələrinin izlənməsi” mövzusunda yan tədbirində çıxış edən energetika naziri Pərviz Şahbazov 2030-cu il hədəflərinə çatmaq üçün bərpaolunan enerji mənbələri, elektrik şəbəkələri, saxlama və səmərəliliyə 31,5 trilyon ABŞ dolları həcmində məcmu sərmayə lazım olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, hazırkı səviyyədə bərpaolunan enerji mənbələrinə illik investisiyalar 2024-2030-cu illər arasında hər il tələb olunan 1,5 trilyon ABŞ dollarından azdır. Buna görə də bərpaolunan enerji potensialını və investisiya qoyuluşunu ildə 2 dəfədən çox, enerji səmərəliliyinə investisiyanı isə 7 dəfə artırmaq lazımdır.
Nazirin sözlərinə görə, Azərbaycan dünyada enerji keçidinin sürətləndirilməsi prosesinə rəhbərlik etməklə yanaşı, həm də milli və regional miqyasda bərpaolunan enerji potensialının artırılmasına xidmət edən irimiqyaslı milli və transsərhəd layihələr həyata keçirir.
“2027-ci ilə qədər proqramımızın icrasının birinci mərhələsi çərçivəsində ötən il ölkəmizin bərpaolunan elektrik enerjisi gücü 373,6 MVt artıb. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrində yaşıl enerji zonalarının yaradılması ölkə miqyasında xalis sıfır emissiyaya keçid üçün əsas olacaq. 2030-cu ilə qədər 7 giqavat yaşıl enerji istehsal etmək planlarımız var. Bunun 70 faizi ixrac ediləcək və biz ardıcıl olaraq 3 böyük yaşıl interkonnektor – “Xəzər-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” üzərində işləyirik. Həmin yaşıl enerji dəhlizləri Mərkəzi Asiyadan Avropaya, daha geniş coğrafiyada yaşıl enerji keçidinə mühüm töhfə verəcək. Azərbaycan öz yaşıl gündəliyinə, eləcə də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq səylərinə sadiqdir”, – deyə nazir əlavə edib.
COP29-da İqlim dəyişikliyi və qlobal sülh arasında qarşılıqlı əlaqəyə dair ümumi məsləhətləşmələr zamanı isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov iqlim dəyişikliyi və dövlətlərarası münaqişələr arasında olan əlaqələrin araşdırılmasının vacibliyini bildirib. E.İsgəndərovun sözlərinə görə, həmin təsirləri aradan qaldırmaq əsas məqsədlərdən biridir.
O qeyd edib ki, qlobal sülh və iqlim təhlükəsizliyi arasında əlaqələr var. Bütün dünya ölkələri kollektiv öhdəliklər götürərək bunun icrası üçün planlar hazırlamalıdır.
“COP29 çərçivəsində 70-ə yaxın beynəlxalq səviyyəli görüşün keçirilməsi planlaşdırılır və bu görüşlərdə fikir müxtəliflikləri müzakirə olunacaq. Əsas məqsədimiz iqlim dəyişmələrinin təsirlərini aşağı səviyyəyə, hətta minimuma endirməkdir. COP29 zamanı Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda və digər ölkələrin nümayəndələri sülh və iqlim təşəbbüsü mövzusunda çıxış edəcəklər. Eyni zamanda, tədbir çərçivəsində Şamaxıda iqlim dəyişmələri, sülh və insan axınları arasında əlaqələrin araşdırılması müzakirə olunacaq. Bundan əlavə, Afrika qitəsi ölkələrinin yüksək səviyyəli dəyirmi masa görüşü keçiriləcək. Burada həssas ölkələrə iqlim dəyişmələri ilə mübarizə istiqamətində maliyyə dəstəyinin göstərilməsindən danışılacaq”, – deyə E.İsgəndərov əlavə edib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin logistika brifinqində COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda ərazi bölgüsünün necə aparıldığını açıqlayıb. COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalovanın sözlərinə görə, COP29-un əsas məkanı Bakı Olimpiya Stadionu 5 zonaya bölünüb. Zona A qeydiyyat üçün nəzərdə tutulub. Zona B yan tədbirləri, İqlim Dəyişmələrinə Qarşı Mübarizə Sammiti, COP29 İqlim çempionlarının tədbirləri, ikitərəfli görüşlər üçün nəzərdə tutulmuş məkanları əhatə edir. Zona C nazirlər səviyyəsində keçirilən iclaslar, COP29 Sədrliyinin təşəbbüsləri üçün məkanlar, nümayəndə heyətlərinin ofisləri və restoranları əhatə edir.
Zona D-də VIP otaqlar, ikitərəfli görüşlər üçün otaqlar, birinci və ikinci plenar otaqları, Media Mərkəzi, mətbuat konfransı otağı, Zona E-də isə pavilyonlar, QHT-lər, restoranlar yerləşir.
COP29 tədbiri üçün 49 hektarlıq ərazinin ayrıldığını diqqətə çatdıran N.Carçalova bütün rəsmi tədbirlərin keçiriləcəyi məkan olan Mavi Zonanın, eləcə də müxtəlif tərəfləri innovativ iqlim yanaşmaları üçün bir araya gətirəcək Yaşıl Zonanın qurulması barədə məlumat verərək, işlərin plana uyğun şəkildə davam etdirildiyini söyləyib.
“Ötən aylar ərzində komandamız COP29-a hazırlıq prosesi çərçivəsində əzmkarlıqla çalışıb”, – deyə N.Carçalova bildirib.
Bununla da Pre-COP29 konfransına yekun vurulub.