Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullah “Təzəpir” məscidində keçirilən mərasim zamanı bildirib ki, matəm günündə bütün məscidlərimizdə məclislərin qurulduğunu deyib: “Qurani-Kərim”dən ayələr tilavət edildi, dualar oxundu. Allah-taaladan duamız odur ki, təyyarə qəzasında dünyasını dəyişənlərə rəhmət eləsin, ailələrinə səbir versin. Belə hadisələr bir çox xalqın başına gəlir. Uca Yaradan xalqımızı bir də belə hadisələrlə imtahan etməsin. Qəzanın qurbanlarına bir daha Allahdan rəhmət, xalqımıza səbir diləyirəm. Yaralılara Allah şəfa versin, tezliklə sağ-salamat evlərinə qayıtsınlar”.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, İçərişəhər “Cümə məscidi” dini icmasının sədri hacı Surxay Məmmədli qəza nəticəsində insanların faciəli şəkildə həlak olması xəbərinin hər kəsi dərindən sarsıtdığını dilə gətirib: “İçərişəhər “Cümə məscidi” dini icması olaraq təyyarə qəzasında həlak olanların ruhlarına QMİ sədrinin göstərişinə əsasən məsciddə “Qurani-Kərim”dən ayələr, dualar oxunub, savabı dünyasını dəyişənlərin ruhuna bağışlanıb. Dini icma olaraq bir daha xalqımıza dərin hüznlə başsağlığı verir, qəzada yaralananlara şəfa diləyirik. Uca Allah xalqımızı bütün bəlalardan qorusun!”.