Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki mina qurbanlarından çoxdur

Azərbaycan ərazisində 1,5 milyon mina olmaqla dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırasındadır.

Azərbaycan ərazisində 1,5 milyon

Azərbaycan dünyada minalardan və partlamamış hərbi sursatlardan (PHS) zərər çəkən müharibənin mirası ilə təqib olunan ölkələr sırasındadır. Bütün hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığı üçün bu gün Azərbaycan dünyada mina və PHS ilə ən çox çirklənmiş ölkələrdəndir. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya – Kasetli Sursatlar Koalisiyasının (ICBL-CMC) Landmine Monitor Report 2020 layihəsinin məlumatına əsasən Azərbaycan minalanma sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır.

Vətən müharibəsindən sonra məlum oldu ki, Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla çirkləndirilib. Azərbaycan ərazisində 1,5 milyon mina olmaqla dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırasındadır. İşğaldan azad edilmiş 1 milyon 166 min 702 hektar ərazidə minaların olması güman edilir, bunun da 211 min 800 hektarı yüksək və 954 min 902 hektarı orta və aşağı çirklənmə səviyyəsindədir. Minalar üzrə ekspertlərin Beynəlxalq Böhran Qrupuna verdikləri ilkin məlumatlara görə azad edilmiş ərazinin təxminən beşdəbiri yüksək dərəcədə çirklənmiş və təxminən üçdə ikisi humanitar minatəmizləmə üçün prioritet sahə kimi təsnif edilir.

Bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” (MƏAK) İctimai Birliyinin sədri Hafiz Səfixanov “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, aparılan tədqiqat zamanı keçmiş təmas xəttinin və onun ətrafında yerləşən bağların, meşələrin, üzüm bağlarının, dağıdılmış yaşayış məntəqələrinin, çay sahillərinin minalarla ciddi şəkildə çirkləndiyi aşkar edilib. Minalara həmçinin kənd təsərrüfatına yararlı torpaqlarda və ətraflarında, otlaqlarda, yollarda, körpülərdə, məktəblərdə, su mənbələrində (kəhrizlərdə) rast gəlinir. Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Qaracallı, Laçın rayonunun Suarası, Füzuli rayonunun Qorqan və Qarakollu kəndlərində yerləşən qəbiristanlıqların minalı olması ilə bağlı dəqiq məlumatlar var.

İşğaldan azad edilmiş ərazilərdə mütəmadi olaraq mina tələlərinə rast gəlindiyini deyən təşkilat sədri Şuşa rayonunun Daşaltı, Laçın rayonunun Zabux və Sus kəndlərində, Xocalı rayonunda, Ağdam rayonunun Orta Qərvənd, Xocavənd rayonunun Bulutan kəndlərinin ərazisində, Füzuli rayonunun Qorqan kənd qəbiristanlığında sürpriz formaya salınmış yüksək və ölümcül partlayış törətmək məqsədi daşıyan mina tələlərin tapılaraq zərərsizləşdirildiyini bildirib. Onun sözlərinə görə, ən çox mina tələlər Xankəndi şəhəri ərazisində aşkarlanır. MƏAK İB-nin Landmine Monitor Report üzrə araşdırması göstərir ki, bu gün Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki mina qurbanlarının ümumi sayından çoxdur.

İctimai Birliyin sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə üçtərəfli Bəyanatdan 2024-cü il iyulun 31-nə qədər ANAMA, Müdafiə Nazirliyi, FHN, DSX, 4 milli kommersiya şirkəti və milli QHT “Beynəlxalq Avrasiya Mətbuat Fondu” (BAMF) tərəfindən 152 min 619 hektar ərazi minalardan və PHS-dən təmizlənib. Əməliyyatlar ANAMA-nın Horadiz əməliyyat mərkəzi, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocavənd rayonlarında və Hadrut qəsəbəsində fəaliyyət göstərən mobil bazalarla yanaşı Şuşa və Xankəndi düşərgələrindən idarə olunur.

Hafiz Səfixanov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həmin müddət ərzində 126 min 663 mina və partlamamış hərbi sursat aşkarlanıb. Onlardan 32 min 940-ı piyada əleyhinə, 19 min 956-sı tank əleyhinə minalar, 73 min 767-si partlamamış hərbi sursatdır.

Ötən il sentyabrın 25-dən qadın minatəmizləmə qruplarının fəaliyyətə başladığını diqqətə çatdıran H.Səfixanov əlavə edib: “Fəaliyyətə başladıqdan bu il avqustun 15-dək ümumilikdə 3 milyon 203 min 997 kvadratmetr ərazi təmizlənib. Nəticədə 12 piyada əleyhinə mina, 25 tank əleyhinə mina və 77 partlamamış hərbi sursat aşkarlanıb. Qadın minatəmizləmə qrupları hazırda Ağdam rayonunun Nəmirli kəndində mina sahəsinin, Güllücə kəndində isə döyüş sahəsinin təmizlənməsini həyata keçirir. Bundan başqa, Güllücə kəndində texniki təhqiqat da aparılır. Qadın minatəmizləmə qrupları tərəfindən bu ilin ötən dövrü ərzində 2 milyon 524 min 291 kvadratmetr ərazi təmizlənib və 17 ədəd tank əleyhinə mina və 6 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Qadın minatəmizləmə qruplarının fəaliyyətinə BAMF-ın İcma Mina Aksiyası komandasının peşəkar mütəxəssisləri ilə yanaşı, APOPO-nun minaaxtaran itləri və siçovulları ilə də dəstək verilir. Bundan başqa lazım olduqda ANAMA tərəfindən minaaxtaran maşınlar da əməliyyatlara cəlb edilir”.

İctimai Birliyin sədri bildirib ki, Qarabağda minatəmizləmə prosesinə indiyədək 349,1 milyon dollar vəsait xərclənib. Bu vəsaitin 16,1 milyonu beynəlxalq mənbələrdən daxil olub. Azərbaycan hökuməti 2023-cü ildə minalarla mübarizəyə dövlət büdcəsindən 110.2 milyon manat (64.82 milyon ABŞ dolları) sərf edib. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.