Bakı İdman Sarayında təşkil olunan və iki ölkə arasında möhkəm dostluq və qardaşlığı bir daha nümayiş etdirən festival Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Festivalda Türkiyəyə xas 60 növ şirniyyat, Azərbaycandan isə Bakı, Qəbələ, Şəki paxlavalarının da daxil olduğu 10 növ şirniyyat nümayiş etdirilib.
Həmçinin milli rəqslər nümayiş etdirilib, incəsənət xadimlərinin ifaları dinlənilib, paxlavanın hazırlanması prosesi göstərilib.
Festivalda ziyarətçilərə 20 min dilim paxlava paylanıb.
“Rəmzioğlu paxlava”nın təsisçisi Cavid Ağayev 2013-cü ildən paxlava sahəsində fəaliyyət göstərdiklərini, həm milli, həm də türk paxlavalarının istehsalı ilə məşğul olduqlarını bildirib. O, 13-cü ənənəvi paxlava festivalının doğma Bakımızda təşkilində pay sahibi olduqlarına görə qürur duyduqlarını ifadə edib: “Burada bizim şəkərburamız, qoğalımız, Qərbi Azərbaycan, Şəki, Quba, Gəncə, Naxçıvan, Qəbələ paxlavaları təqdim olundu. Əsas məqsəd iki qardaş ölkəyə aid olan ortaq dəyərləri dünyaya tanıtmaqdır”.
Təklif olarsa, festivalı Qarabağda, Şuşada da keçirməkdən məmnun olarıq
Azərbaycanda olmaqdan məmnun olduqlarını ifadə edən Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Assosiasiyasının (BAKTAD) Prezidenti Mehmet Yıldırım ənənəvi festivalın beynəlxalq formada ilk dəfə Bakıda təşkil olunduğunu diqqətə çatdırıb: “Burada həm Türkiyədən gətirdiyimiz paxlava növlərini, həm də Azərbaycandakı paxlava növlərini təqdim etdik. Əgər təklif olarsa, festivalı Qarabağda, Şuşada da keçirməkdən məmnun olarıq. Türk paxlavası dünyanın ən ləzzətli paxlavasıdır. Onu ləzzətli edən istifadə etdiyimiz xammal və xüsusi ustalıqla hazırlanmasıdır”.
Qərbi Azərbaycanda da belə festivalların keçirilməsi ən böyük arzumdur
Qərbi Azərbaycan İcmasının üzvü, İrəvan mətbəxi və Qərbi Azərbaycan mətbəxinin təbliğatçısı və tədqiqatçısı Vəsilə Əkbərova 18 ildir Qərbi Azərbaycan və İrəvan mətbəxini təbliğ etdiyini diqqətə çatdırıb: “Bu gün çoxdandır arzuladığımız paxlava festivalında Qərbi Azərbaycan stendi kimi çıxış etdik. İllərdir bu anı gözləyirdik. Təşkilatçılara minnətdaram ki, bizim üçün bu şəraiti yaratdılar. Biz türk dünyasının ortaq şirniyyatı olan paxlavanı təqdim etdik. Paxlava Oğuz, türk mətbəxinin ən qədim şirniyyatlarından biridir. Paxlavanın qədim versiyası 200-250 il əvvəl, Osmanlı imperiyası dövründə necə olubsa, elə də təqdim etdik. Naxçıvan paxlavasını təqdim etdik, hansı ki, tamamən unudulub. Əncirli paxlava, Dərələyəz mahalının paxlavası nümayiş olundu. Həmçinin ən əsası stenddə İrəvan xan sarayının mətbəxinə xas İrəvan xanı Abbasqulu xanın paxlavası yer alıb. Onun reseptini bizə Abbasqulu xanın nəticəsi verib. Stenddə Göyçə mahalının Kəvər paxlavası da var idi. Kəvər həmin mahalda qəsəbədir. Çox təəssüf ki, ermənilər bunun festivalını keçirir. Xalqımızın əksər hissəsi həmin paxlavanın varlığını belə bilmir. Kəvər paxlavasının digər paxlavalardan fərqi odur ki, hazırlanmasında bal, evdə bişirilmiş qənd və qozdan istifadə olunur. Şərbəti baldan olur və közdə bişir. Festivalımıza və qardaşlığımıza simvolik olaraq paxlavaların bir qismini bayraqlarımızın rəngi ilə boyadıq. Bununla yanaşı, stenddə ulu babamdan qalan tarixi 1101-ci ilə dayanan xalçanı da nümayiş etdirdim. Onun üzərində də paxlava şəkli yer alır. Əslim İrəvan xanlığındandır. Ən böyük arzularımdan biri Qərbi Azərbaycanda, dədə-baba torpağımda bu cür festivalların keçirilməsidir”.