Forum çərçivəsində Qazaxıstan, Azərbaycan və Qırğızıstan veteranları arasında beynəlxalq saziş imzalanıb. Sazişi Azərbaycan tərəfindən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin səlahiyyətli nümayəndəsi, AVMVİB sədrinin Beynəlxalq əlaqələr üzrə müavini, polkovnik Elmar Hüseynov imzalayıb.
İmzalanma mərasimindən sonra üç ölkənin müharibə veteranları birliklərinin səlahiyyətli nümayəndələri birgə fikir mübadiləsi aparıblar. Forumun sonuncu iş günündə yekun qətnamə qəbul edilib. Qətnamədə Türk dünyasının müharibə veteranları arasında əməkdaşlığın qurulması və beynəlxalq təhlükəsizliyin davamlı inkişafı və möhkəmləndirilməsi, habelə mehriban qonşuluq və dostluq münasibətlərinin inkişafı üçün səylərin birləşdirilməsi, Türk Dövlətləri Təşkilatının məqsəd və vəzifələrinin həyata keçirilməsində, mövcud mürəkkəb geosiyasi və iqtisadi reallıqlarda fəal dəstək məqsədilə təsis konfransının çağırılması, Türk-müsəlman dünyasının bir-birinə daha da yaxınlaşması zəruriliyi, eləcə də beynəlxalq hüququn məqsəd və normalarını, o cümlədən suveren bərabərliyi, beynəlxalq hüquq normalarını rəhbər tutan “Türk Dövlətləri Veteranları İctimai Birliklərinin Beynəlxalq Birliyi”nin qeydiyyatı üçün işçi qrupun müəyyən edilməsi qərara alınıb.
Səfər çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndə heyətinin başçısı, AVMVİB sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elmar Hüseynov, AVMVİB Gəncə şəhər şöbəsinin sədri Bəyanat Qasımov, polkovnik Tahir Yusifov Qazaxıstanın paytaxtı Astana şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyev adına küçəni və xatirə lövhəsinin də ziyarət ediblər.
Qeyd edək ki, 10 aprel 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı Ulu Öndər Heydər Əliyev küçəsinin açılışını edib.