, bu çərçivədə “Türk əməkdaşlığının mövcud vəziyyəti və gələcəkdən gözləntiləri” mövzusunda panel iclas təşkil olunub.
Paneldə çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev və digərləri türkdilli ölkələr arasında əməkdaşlığın tarixinin göründüyündən daha dərin olduğunu bildiriblər.
Qeyd olunub ki, 1992-ci ildə Ankarada keçirilmiş Türkdilli Ölkələrin Zirvə toplantısında liderlərimizin səyləri nəticəsində yaradılan Türk Dövlətləri Təşkilatı 2009-cu ildə imzalanan Naxçıvan Sazişi ilə təşkilatlanma mərhələsinə qədəm qoyub.
Ölkələrimiz arasındakı əməkdaşlıq sahələrinə toxunan çıxışçılar deyiblər ki, türkdilli ölkələr birlikdə dünyanın 12-ci ən böyük iqtisadiyyatına sahibdir və ən böyük üçüncü qlobal enerji təminatçısıdır. TDT ölkələrinin ümumi ixrac rəqəmlərində son illər ərzində əhəmiyyətli artım müşahidə edilib. Belə ki, 2015-ci ildə 420,4 milyard dollar təşkil edən ixrac həcmi 2023-cü ildə 619 milyard dollara çatıb.
Diqqətə çatdırılıb ki, noyabrın 6-da TDT-nin Bişkekdə keçiriləcək Zirvə toplantısında “Türk Yaşıl Baxışı: Davamlı Gələcək üçün Birlik” başlıqlı konseptual sənədin qəbulu gözlənilir.
Bu təşəbbüs Paris İqlim Sazişinə uyğundur və Türk dövlətlərinin iqlim dəyişikliyi ilə bağlı səylərini birləşdirməyə dəstək verir.
Bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (UNFCCC) – COP29-a toxunan natiqlər bu tədbir çərçivəsində TDT-nin ətraf mühit və ekologiyaya cavabdeh nazirlərinin ilk iclasının keçirilməsinin planlaşdırıldığını deyiblər.
Çıxışlarda bildirilib ki, ümumi əhali sayı 170 milyona çatan TDT bu gün siyasi, iqtisadi, mədəni, hüquqi və sosial kimi 35-dən çox əməkdaşlıq sahəsi üzrə fəaliyyətini davam etdirir və ölkələri yeni əməkdaşlığa təşviq edən platformaya çevrilib.
İclas mövzu ilə bağlı məruzələrlə davam edib.