Film 2023-cü ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyov, təsvir rejissoru isə Nadir Mehdiyevdir.
Filmin təqdimatı Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə həyata keçirilib.
İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən icra edilən humanitar minatəmizləmə əməliyyatları, minatəmizləmə prosesini həyata keçirən cəsur minaaxtaranların peşəkar və məsuliyyətli fəaliyyəti və həyatı filmin əsas süjet xəttini təşkil edir. Filmin qəhrəmanları öz həyatlarını təhlükəyə ataraq azad olunan ərazilərin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsini həyata keçirən minaaxtaranlardır.
Sənədli filmin təqdimat mərasimində dövlət və özəl qurumların rəhbərləri, ictimai-siyasi xadimlər, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Əvvəlcə ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Daha sonra ANAMA-nın fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov “ANAMA” sənədli filminin təxminən 30 illik həsrətdən sonra doğma yurdumuza “Böyük Qayıdış” prosesi ilə bağlı olduğunu deyib: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı düşmən tapdağından xilas etməsindən sonra şəhərlərimizin, kəndlərimizin işğal dövründə xarabalığa çevrilməsi mənzərəsi ilə qarşılaşdıq. Ermənistan şəhərlərimizi, kəndlərimizi viran qoymaqla kifayətlənməyib, eyni zamanda, həmin ərazilərdə çox sayda mina basdırıb. Bu gün ANAMA-nın fəaliyyəti “Böyük Qayıdış” prosesinin həyata keçirilməsinin ən mühüm tərkib hissəsidir”.
Qeyd olunub ki, “ANAMA” filminin ərsəyə gəlməsində əsas məqsəd həmin qurumun işçilərinin həyatına, fəaliyyətinə diqqət yönəltməkdir: “Onların işi ölümcül sursatları aşkar etmək və zərərsizləşdirməkdir. ANAMA əməkdaşları hər gün ölümlə üz-üzə dayanır, qəhrəmancasına mübarizə aparırlar. Minaaxtaranların mübarizəsi filmin əsas süjet xəttini təşkil edir. ANAMA işçilərini əlamətdar gün münasibətilə təbrik edir və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram. Məhz sizin əməyiniz sayəsində “Böyük Qayıdış” daha sürətli və daha təhlükəsizdir”.
Filmin təqdimatının bu gün keçirilməsinin bir təsadüf olmadığını vurğulayan ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov iyulun 18-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin yaradılmasının 26-cı ildönümünün tamam olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə təsis edilmiş Agentliyin başlıca məqsədi Azərbaycanın işğaldan azad edilən və müharibənin təsirinə məruz qalan ərazilərinin mina və partlamamış hərbi sursatların təhlükəsindən azad etmək, sosial-iqtisadi və humanitar inkişafa dəstək göstərməkdir.
“ANAMA-nın fəaliyyətə başladığı ilk illərdə hamımız Qarabağın minalardan və partlamamış sursatlardan təmizlənməsini hədəfləmişdik. 2020-ci ildə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzuru azad etdikdən sonra ANAMA əməkdaşlarının həmin arzusu yerinə yetdi. Sözsüz ki, odövrkü ANAMA-nın imkanları qarşımızda duran çağırışlara uyğun deyildi. Ona görə də Prezident İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin bazasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradıldı. Hazırda ANAMA-nın həm insan, həm də maddi-texniki potensialı artırılmaqda davam edir. Bütün bunlar qarşımızda duran vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir. 2020-ci ilin noyabr ayından bu günə qədər 148 min hektardan çox ərazi minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib. Bu müddət ərzində 124 min ədəddən artıq mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib. Bütün bu nailiyyətlər fədakar minaaxtaranların gərgin əməyinin nəticəsidir”, – deyə V.Süleymanov qeyd edib.
Çıxışlardan sonra film nümayiş etdirilib.