Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

45-ci gün kəsilən sonuncu qurban…

Nicat doğulandan onun adına hər il qurban kəsdirirdim. Sonuncu qurbanını kəsdirəndə şəhid olduğu xəbəri gəldi. Erkən sevinmişəm, tək övladım müharibənin bitməsinə dəqiqələr qalmış o uca zirvəni fəth edibmiş…

Nicat doğulandan onun adına

Bunu Vətən müharibəsinin şəhidi Nicat Tarıverdiyevin anası Şükran Faruqqızı deyib.

“Nicat elə yaraşıqlı idi ki… Çox ağıryana övlad idi. Hansı məclisə girirdisə, özündən böyüklər ona yol verirdi. 132-134 saylı Təhsil Kompleksini, sonra Kooperasiya Universitetini bitirmişdi. Qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda nailiyyətləri, qalibiyyətləri var idi. Universitetinin diplomunu da görmək nəsib olmadı…”, – deyə şəhid anası bildirib.

Universiteti bitirib Vətənə borcunu ödəməyə yollanan Nicat Mingəçevirdə xidmət edib. Müharibənin ilk günlərindən artilleriyaçı kimi döyüş meydanına atılıb, düşmənlə ön cəbhədə savaşdığını ailəsindən gizlədib: “Nicatın riyazi bilikləri kifayət qədər yüksək idi. Ona görə də döyüşlərdə baş tuşlayıcı kimi fəaliyyət göstərirdi. Bizimlə danışanda arxa cəbhədə olduğunu deyirdi. Mənə çox bağlı idi, nigaranlığımı hiss edəndə “qorxma, məni Allah qoruyacaq” deyərdi. Tez-tez təkrar etdiyi bir cümlə var idi: “Narahat olmayın, hər şey yaxşı olacaq”. Onun bu sözlərini məzarı üstünə də həkk etdirmişəm…”.

Sonuncu dəfə noyabrın 8-də telefonla danışdıqlarını söyləyən şəhid anası deyib: “Çox sevincli idi, bir-birimizi Şuşanın azad edilməsinə görə təbrik etdik. Həmin gün özünə əziz, doğma bildiyi hər kəslə danışıbmış. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın təslim olduğu, müharibənin bitdiyi xəbərinə necə sevinmişdim… Hələ müharibə başlayanda “övladım salamat gəlsin, qurbanlar kəsdirəcəyəm” deyə əhd etmişdim. Noyabrın 10-da hər şeydən xəbərsiz əhdimə əməl edib iki qurban kəsdirirdim. Elə həmin an övladımın şəhadətə yüksəldiyi xəbərini verdilər. İndiyə kimi yadımdadır, dedilər oğlun qəhrəmandır. Bu, sonuncu qurban oldu…”.

Şəhid anası bildirib ki, Nicat orta məktəbdə oxuyanda həmişə “Qarabağı biz alacağıq” deyərdi. Hər zaman sözünə sadiq olan Nicat sonuncu vədini də yerinə yetirdi. O, qalib olmağa getmişdi, məqsədinə də çatdı. Nicat Murovdağdan, Kəlbəcərdən başlayaraq Şuşaya qədər gedib çıxmışdı. Noyabrın 9-da Qələbəyə sayılı dəqiqələr qalmış Ağdərə istiqamətində qəhrəmancasına döyüşərək şəhid oldu. Son döyüşünə də vətənpərvərlik ruhunda mahnı oxuya-oxuya getmişdi. Döyüş yoldaşları deyirlər ki, 44 gün ərzində 300-dən çox nöqtəni dəqiq atəşlə vurub…

Nicat noyabrın 17-də – doğum günündə İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. O, 22 yaşına şəhidliyini hədiyyə etdi. “Nicatın məzarı o vaxtdan mənim qibləgahıma çevrilib. Yeganə təsəllim övladımın ayaq izləri olan torpaqların azad edilməsidir. Hər gələndə övladımın unudulmadığını, məzarının başqaları tərəfindən ziyarət olunduğunu görürəm. Nicat sağlığında olduğu kimi, şəhid olandan sonra da insanların sevgisini qazanmağı bacardı”, – deyir şəhid anası.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi, əsgər Nicat Şöhrət oğlu Tarıverdiyev “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.